İndi biz çox maraqlı bir dövrə qədəm qoyuruq. Bu isə onunla əlaqədardır ki, hazırda OPEK və qeyri-OPEK ölkələrinin toplantısı ilə bağlı müxtəlif müzakirələr gedir. Yəni, artıq bu gün daha bir yeni xəbər gəlib.
İstəyirlər ki, neft hasil edən ölkələrin görüşü martın 20-də Rusiyada baş tutsun. Bununla yanaşı, Qətərin enerji naziri Mohammed bin Saleh Al Sada qeyd olunan toplantının martın 17-də Qətərin paytaxtı Dohada keçirilməsi ilə bağlı təklif irəli sürüb. Bu isə bazara daha güclü təkan verib.
Oxu.Az xəbər verir ki, bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban neft bazarındakı son vəziyyəti şərh edərkən deyib.
“Hazırda belə qeyd etmək mümkünsə, toplantının keçirilməsi ilə bağlı müzakirələr gedir. Rusiya tərəfi isə qeyd edib ki, artıq 15 ölkə hasilatın dondurulması ilə bağlı məsələni müzakirə etməyə hazırdır”, - deyə İ.Şaban əlavə edib.
Mütəxəssis həmçinin düşünür ki, Qazaxıstan və Azərbaycanın həmin görüşə dəvət edilməsinə ehtiyac yox idi:
“Qazaxıstan və Azərbaycanı da toplantıya dəvət ediblər. Hesab edirəm ki, onlar sadəcə say çoxluğu əldə etmək istəyirlər. Çünki həm Qazaxıstan, həm də Azərbaycanda hasilat cari il üçün kifayət qədər azalacaq.
Belə ki, Qazaxıstan ötən il 79 milyon barel neft hasil edib. Bu il isə bu rəqəm 74 milyon barelə düşəcək. Azərbaycanda isə hasilat 1 milyon barel azalacaq.
Yəni, onların hasilatın saxlanması ilə bağlı görüşdə iştirak etmələrinə ehtiyac yoxdur. Bu hasilatı artıran ölkələrə daha çox şamil edilməlidir”, - deyə o bildirib.
İ.Şaban onu da qeyd edib ki, artıq bəzi agentliklər neftin gələcək qiymətləri ilə bağlı proqnoz verərək bildirirlər ki, əgər birjalardakı bu vəziyyət bu şəkildə davam edərsə, qiymətlər may ayında 50 dollar həddini görə bilər.

Onun sözlərinə görə, bu prosesin davamlı olub-olmadığı növbəti həftələrdə baş verən proseslərdən asılı olacaq:
“Qeyd etdiyim toplantı ilə bağlı birjalarda bir şadyanalıq müşhidə edilir. Birjalara bu informativ təsir edib. Adətən həftəsonu müəyyən bu cür amillər olanda birjalarda bu cür qiymət artımları müşahidə edilir.
Cümə günü hərracların yekunlarına görə, Brent markalı neftin qiyməti 38 dolları keçib. Amma bu prosesin davamlı olub-olmadığı növbəti həftələrdə baş verən proseslərdən asılı olacaq”.
“OPEK-in müzakirələri müsbət nəticəsini verəcəkmi?” sualına isə Neft Araşdırmaları Mərkəzinin rəhbəri bu cür aydınlıq gətirib:
“OPEK-in toplantısında qəbul edilən qərarlar aprel ayında qüvvəyə minəcək. May ayının birinci dekadasında isə toplantı iştirakçıları hasilatın kvotosı ilə bağlı hesabat verəcəklər. Hasilat nə qədər olub, nə qədər neft ixrac edilib və s.”.
Xatırladaq ki, neft hasil edən ölkələrin görüşü martın 20-də Rusiyada baş tutacaq.
“Səudiyyə Ərəbistanı da, Rusiya da, hamı danışıqlar masasına geri qayıdır”, - Nigeriya Neft Nazirliyindən bidiriblər.

Qeyd edilir ki, qarşıdan gələn görüşdən sonra Nigeriyada neftin qiymətinin kəskin artması gözlənilir və bir barel üçün 50 dollar qiymətin bərpa olunacağına ümid edirlər.
Onu da əlavə edək ki, cümə günü hərracların yekunlarına görə, Brent və WTI markalı neftin qiymətləri müvafiq olaraq 38,72 və 35,92 dollar təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az