Hörmüz boğazından maneəsiz tanker daşımalarının bərpası perspektivləri ilə bağlı davam edən qeyri-müəyyənlik fonunda avqustun 10-da neft qiymətləri orta səviyyədə yüksəlir.
Bu barədə Oxu.Az "İnterfaks"a istinadən məlumat verir.
İran bəyan edib ki, Hörmüz boğazında gəmiçilik idarəetmə sistemi ilə bağlı Omanla razılaşmanın yekun mərhələsinə çatıb, lakin ABŞ-dən ona qarşı tətbiq edilən blokadanın ləğv edilməsi üçün bir sıra şərtlərin yerinə yetirilməsini tələb edir.
Londonun "ICE Futures" birjasında oktyabr ayı üçün "Brent" markalı neft füçerlərinin qiyməti Bakı vaxtı ilə saat 9:20-yə olan məlumata görə, bir barel 84.04 dollar təşkil edir ki, bu da əvvəlki ticarət əməliyyatlarının bağlanışından 0.49 dollar (0,59%) çoxdur. Cümə günü (7 avqust) bu müqavilələr 1,06 dollar (1.3%) bahalaşaraq, barel üçün 83.55 dollara çatmışdı.
Nyu-York Ticarət Birjasının (NYMEX) elektron ticarət əməliyyatlarında sentyabr ayı üçün WTI markalı neft füçersləri 0.35 dollar (0.45%) artaraq, barel üçün 78.53 dollara çatıb. Əvvəlki sessiyaların yekununa əsasən, onların qiyməti 0,89 dollar (1,15%) artaraq, bir barel üçün 78.18 dollara çatmışdı.