31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Nəqliyyat Nazirliyinin bütün strukturları gücləndirilmiş iş rejiminə keçib.
Oxu.Az-a bu barədə Nəqliyyat Nazirliyindən bildiriblər.
Bayramlarla əlaqədar olaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kollektivi artıq bir neçə gündür ki, gücləndirilmiş iş rejiminə keçib. Çünki, yaxın bir neçə gündə avtobuslarla sərnişindaşımanın həcmi adi günlərlə müqayisədə 40 faiz çox olacaq. Bunu nəzərə alan vağzal əməkdaşları əhalinin zəruri tələbatını ödəmək üçün bayram günlərində marşruta buraxılacaq avtobusların sayını artırıb. Adi günlərdə marşruta 370-420 avtobus çıxarılırdısa bu günlər avtobus və mikroavtobusların sayı 510-540-a çatdırılacaq.
Bayram günlərində gündəlik sərnişin daşımaların həcmi 10 minə qədər artacağı gözlənilir. Avtovağzal əməkdaşları əlavə tədbirlər hesabına 15 min sərnişinin daşınması üçün lazım olan bütün zəruri tədbirləri görüb. Bakı sərnişindaşıma MMC bayram günlərində şəhər sakinlərinin və qonaqların rahat gediş-gəlişi üçün müvafiq tədbirlər planı hazırlayıb. Tədbirlər planına əsasən bütün marşrutlar üzrə Cəmiyyətin məsul işçiləri təhkim olunub. Xüsusilə də şəhərətrafı daşımalara diqqət artırılıb. Bütün avtobusların sonuncu dayanacağa qədər işləməsi təmin edilib. Zərurət yaranacağı təqdirdə bəzi marşrutlara əlavə avtobusların buraxılması tövsiyə olunub. Yeni il axşamı bütün marşrutda olan avtobuslar gecə saat 2-dək işləyəcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi də bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək. Son günlərdəki sərnişin çoxluğunu nəzərə alaraq bütün istiqamətlərdə hərəkət edən qatarlara əlavə vaqonlar qoşulub. Bu da dəmir yolundan istifadə edəcək sərnişinlərin rahatlığına əsaslı təminat yaradacaq.