Oxu.Az Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovla müsahibəni təqdim edir.
- Bakıda baş tutacaq ilk Avropa Oyunları ilə əlaqədar möhtəşəm layihələr həyata keçirilir. Gözlənilir ki, bu oyunlarda iştirak edən idmançılar, jurnalistlər və qonaqlar paytaxtın görməli yerlərinə, o cümlədən Bulvara üz tutacaq. Bakı Bulvarı buna necə hazırlaşır, hansı yeniliklər olacaq?
- Bakı-2015 Avropa Oyunları zamanı insanların ən çox üz tutacağı yer Bulvar ərazisi olacaq. Bulvarda üç yerdə - Əl Oyunları Sarayı, “Baku Crystal Hall” və Su Oyunları İdman Sarayında Avropa Oyunları üçün nəzərdə tutulan yarışlar keçiriləcək.

İndi Bulvar ərazisinin uzunluğu 8 km təşkil edir, Avropa Oyunları zamanı isə bu ərazi 15 km olacaq. Bu ərəfədə Bulvara üz tutan qonaqları yüksək səviyyədə qarşılamaq üçün artıq Tədbirlər Planı hazırlamışıq. Bulvar ərazisində hazırda fəaliyyət göstərən qatarlarımız hissə-hissə hərəkət edir. Avropa Oyunları zamanı qonaqların bir yerdən başqa yerə aparılması üçün marşrut hazırlamışıq. Bundan əlavə, Bulvarda üç gəzinti gəmisi var ki, bunlar da həmin ərəfədə qonaqların xidmətində olacaq.
- Xarici vətəndaşlarla ünsiyyət necə qurulacaq? Bulvarda ingilis dilində nişanlar quraşdırılacaqmı?
- Bildiyiniz kimi, Bakıda keçirilən “Eurovision” müsabiqəsi zamanı qonaqların yüksək səviyyədə qarşılanması və yola salınması bizim üçün sınaq idi. Bizim kütləvi şəkildə qonaq qarşılamaq təcrübəmiz var. Avropa Oyunları zamanı ilk növbədə Bulvar ərazisində fəaliyyət göstərən kafelər, attraksionlar, restoranlar və digər obyektlər yüksək səviyyədə xidmət göstərəcək. Təbii ki, bir neçə dildə, xüsusilə də ingilis və rus dilində menyular, hər bir obyektdə Post terminal olacaq. WiFi sisteminin də həmin ərəfədə istifadəyə verilməsi planlaşdırılır.

Biz xarici dil bilən əməkdaşlarımızın sayını artırırıq. Bulvar idarəsinin özündə nəinki bir neçə xarici dil bilən, hətta xaricdə təhsil alan əməkdaşlar da var. Lakin bununla yanaşı Bulvar ərazisində çoxlu sayda mühafizə xidməti əməkdaşlarımız var. Onlar rus dilini bilsələr də, ingilis dilini bilmirlər. Biz bu işlərlə bağlı müəyyən addımlar atacağıq ki, onlar da ingilis dilini öyrənsinlər. Bulvarda quraşdırılan nişanların və işarələrin sayı həm azərbaycan, həm də ingilis dilində artırılacaq. Bu, təkcə xarici vətəndaşlar üçün yox, həm də bizim vətəndaşlarımız üçün nəzərdə tutulub, çünki onların bəziləri obyektləri tapmaqda çətinlik çəkir.
Restoran və kafelərdə ən azı ingilis dilini bilən bir nəfər çalışacaq. Keçmiş təcrübə onu göstərir ki, bu işlərdə heç bir problem və narahatçılıq olmayacaq.
- Bakı Bulvarına üz tutan vətəndaşlar istirahət etsələr də, qida və içki satışı ilə məşğul olan nöqtələrdən, eləcə də ərazidə fəaliyyət göstərən restoran və kafelərin qiymətlərindən narazıdırlar. Qiymətlərin enməsi gözlənilirmi? Bu istiqamətdə hansı işlər aparılır?
- Azərbaycanda bazar iqtisadiyyatıdır. Bulvar idarəsi bir dövlət idarəsi olaraq büdcə təşkilatı kimi qiymətlərə heç bir zaman müdaxilə edə bilməyib, idarənin belə bir səlahiyyəti yoxdur. Qiyməti sahibkar özü təyin edir.

- Bulvara üz tutan xarici vətəndaşlar təəssüratlarını bölüşərkən buranın çox gözəl olduğunu, onlara İtaliyanın Neapol şəhərini xatırlatdığını vurğulayırlar. Gələcəkdə Bulvar ərazisində xarici ölkələrdə olan hansı layihələr olacaq və Bakı Bulvarının başqa ölkələrdə olan bulvarlara oxşadılması gözlənilirmi?
- Bakı Bulvar İdarəsi qarşısında heç vaxt məqsəd qoymayıb ki, Bakı Bulvarını hər hansı bir ölkənin bulvarına oxşatsın. Bütün dünyanın inkişaf etmiş ölkələrində nə maraqlı, zövqlü və gözəl yeniliklər varsa biz çalışırıq ki, bunu Bulvarda tətbiq edək. Lakin biz Bakı Bulvarının öz proyektini qorumaq şərti ilə, bura üz tutan insanlara həm müasirliyini görməsi, həm də keçmişi itirməməsi üçün şərait yaradırıq.
- Sevindirici haldır ki, Dənizkənarı Milli Park ildən-ilə genişlənir. Gələn il Bulvarın hara qədər genişləndirilməsi planlaşdırılır?
- Yeni hissə Dəniz vağzalından Nobel prospekti istiqamətində 3 km-dək olan hissədir. Bayraq meydanı 20 dairə, Bibiheybət istiqamətində 3 km-dək genişlənəcək. İl ərzində Prezident İlham Əliyev Bulvarın yeni tikilən əraziləri ilə tanış olub, öz tapşırıq və tövsiyələrini verib.

- Bəzən Bulvara üz tutan vətəndaşlar arasında sərxoş olan, söyüş söyən, siqareti çəkib yerə atan, yedikləri yemək kağızlarını məişət tullantıları üçün nəzərdə tutulan qaba yox, yerə atanlara da rast gəlirik. Belə hallarla mübarizə növbəti ildə necə aparılacaq?
- Bu problem bütün cəmiyyətlərdə və ölkələrdə mövcuddur. Ola bilər ki, illər keçdikdən sonra bu problem azalar. Lakin onu bildirmək istərdim ki, əvvəlki illərə nisbətən belə halların sayı azalıb. Yerə zibil atanların sayının azalması Bulvar ərazisində çoxlu sayda zibil qutularının quraşdırılması ilə əlaqədardır. Adətən zibili o yerə atırlar ki, insan zibil qabını tapmır və məcbur olur zibili bir yerə qoysun. Bulvarda bu problem demək olar ki, həll olunub. Belə problemlərin azalması üçün ictimai qınaq lazımdır. Mən hətta son zamanlar paytaxt sakinlərinin özlərinin ərazini çirkləndirən vətəndaşlara iradlarını bildirdiklərinin şahidi olmuşam.

- Bildiyimiz kimi, Milli Parkda piknik, it və pişiklə gəzinti qadağandır. Gələcəkdə bu qadağanın yığışdırılması planlaşdırılırmı?
- Pişik qorxulu bir canlı deyil, onu gəzdirməyə heç bir qadağa yoxdur. İt isə insanın üstünə hücum edib dişləyə bilər, ən azı körpəni qorxuda bilər. Bununla bağlı Nazirlər Kabinetinin bəzi heyvanları yedəksiz və ağızlıqsız ictimai yerlərdə gəzdirməyin qadağan olması haqqında qərarı var. Piknik çəmənlik içərisində təşkil olunduğundan insanlar burada gəlib uzanır, istirahət edir. Bu isə salınması çox çətin olan yaşıllığı korlayır. Abşeronun iqlimi çox sərtdir, yayda oranı daim sulamalısan ki, yaşıllıq olsun. Qışda isə bir tərəfdən külək, digər tərəfdən də belə hallar bu yaşıllıq sahələrini korlayır. Yaşıllıq sahəsinin bir kvadratmetrini əmələ gətirmək üçün həm böyük məbləğdə vəsait, həm də buna gecə-gündüz insan zəhməti tələb olunur.
- Bulvar sevgililərin ən çox xoşladığı məkanlardan biridir. Bəzən onların qeyri-etik davranışları ərazidə istirahət edənlərin qəzəbinə səbəb olur. Bulvar idarəsi bu cür hallarla necə mübarizə aparır?
- Mən bu məsələyə fərqli yanaşıram. Bir gün ərzində bütün telekanallara və saytlara bir-bir baxın, orda göstərilən süjetlərə, filmlərə, reportajlara diqqət yetirin. Bütün bunların qarşısında Bulvarda iki gəncin skamyada mehribanca oturub hətta hərdənbir öpüşməsində nə qəbahət var? Burda nə tərbiyəsizlik var? Bütün dünya bilir ki, məhəbbət insanın ən gözəl hissidir. O hiss insanda varsa, deməli o, xoşbəxtdir. Bunu çox pis dərəcəyə çevirmək olmaz, amma mehriban oturub qucaqlaşıb söhbət etmək normaldır və mən buna pis baxmıram. Hər bir gənc həyatının o anını yaşamalıdır.
Mən hər gün Bulvarda gəzirəm və heç bir əxlaqsızlıq görmürəm. Bulvar idarəsinin belə hallara müdaxilə etməyə heç bir səlahiyyəti yoxdur. Əgər Post Patrul Xidməti burda hər hansı bir əxlaqsızlığın olduğunu hesab edirsə, həmin gənclər polis idarəsinə aparılır və məsələ araşdırılır. Mən bir məmur və Azərbaycan vətəndaşı kimi düşünürəm ki, hər bir gənc öz gəncliyini bacardığı kimi yaşamalıdır və burada qeyri-adi və ya qəbahətli heç bir iş görmürəm.

- Son zamanlar intihar hadisələrinin sayı artıb. Bu cür yola baş vuranların çoxu diqqət cəlb etmək üçün insanların sıx olduğu yerləri seçirlər. Bu istiqamətdə təhlükəsizlik baxımından hansı yeniliklər gözlənilir?
- İl ərzində 5-6 belə hadisə ilə üzləşirik. Onların da yarısı dünyasını dəyişir. Bu, elə bir haldır ki, onun qarşısını almaq qeyri-mümkündür. Çünki sahil böyükdür, intihar etmək fikrinə düşən insanlar gəlib orada dayanır və bir göz qırpımında özünü suya atır.

- Gələn il Bakı Bulvarında uşaqlar üçün pulsuz attraksionların və digər əyləncələrin təşkili nəzərdə tutulurmu?
- İki yeni attraksion artıq bu günlərdə istifadəyə verilib. Uşaqlar üçün pulsuz attraksionların və digər əyləncələrin təşkili hər il olduğu kimi bu il də planlaşdırılır.
- Dənizkənarı Milli Parkda velosipedçilər üçün yeni zolaq salınması nəzərdə tutulubmu? Piyadaların velosiped yoluna çıxmasının və velosipedçilərin piyadaların yoluna çıxmasının qarşısını almaq üçün hər hansı bir addım atılacaqmı?
- Bu problem çox insanları narahat edir. Bəzən insanlar rahat gəzdiyi yerdə velosipedçi üstünə çıxır. Velosipedçilərin haqlı iradları var. Bulvarda onlar üçün ayrılan xüsusi zolaqda piyadalar hərəkət edir. İnsanlar gərək bir-birini başa düşməyi bacarsın. Bulvarda velosiped xətti (orada xüsusi nişanlar və s. var) aydın görünür, velosipedçilər də başa düşməlidir ki, onlar üçün xüsusi xətt varsa, onlar bu xətdən kənarda velosiped sürməməlidirlər. Hətta biz onlar üçün Bulvarda geniş ərazi ayırıb, burada hərəkət etmələrinə icazə vermişik. Fürsətdən istifadə edib xahiş edirik ki, onlar da piyadaları nəzərə alıb ehtiyatla sürsünlər.
Gələcəkdə velosiped xətlərinin genişləndirilməsi də nəzərdə tutulur.
Elvin Əhmədov
Foto: Nüsrət Abdullayev
www.oxu.az