Yanvarın 27-də Nəqliyyat Nazirliyində Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr üzrə Dövlət katibi, Azərbaycan-Macarıstan Birgə Komissiyanın Macarıstan tərəfindən həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Oxu.Az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, qonaqları qəbul edən nəqliyyat nazirinin müavini Musa Pənahov son illər Azərbaycanın inkişafı, irimiqyaslı islahatların həyata keçirilməsi, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən danışıb.
Nəqliyyat sektorunu əhatə edən bütün sahələr-dəmir yolu, avtomobil nəqliyyatı və avtomobil yolları barəsində ətraflı məlumat verən nazir müavini bu istiqamətdə Macarıstanla əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu və bu əməkdaşlığın həm Azərbaycanın, həm də Macarıstanın nəqliyyat infrastrukturunun inkişafına xidmət etdiyini vurğulayıb.
Eyni zamanda, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları, perspektiv layihələr və görülən işlər, həmçinin iki ölkə arasında nəqliyyat sahəsində normativ-hüquqi bazanın yaradılması məqsədilə müvafiq sazişlərin işlənib hazırlanması, Macarıstan şirkətlərinin Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələrdə iştirak imkanları məsələləri ətrafında fikir mübadiləsi aparılıb.