Bakıda İçəri Şəhərdə fəaliyyət göstərən “Aşurbəy” məscidində xoşagəlməz hadisələr var. Yaxın vaxtlarda bu məsələ həll olunmasa orada vətəndaş qarşıdurması baş verə bilər.
Oxu.Az Gün.Az istinadən xəbər verir ki, bu barədə QMİ-nin Qazılar Şurasının iclasında çıxış edən İçəri Şəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli bildirib:
“Azərbaycanda dövlətə qarşı çıxan ideologiyalara və onların ardıcıllarına qarşı mübarizə aparılmalıdır. Ölkə daxilində stabilliyi pozmağa çalışan xüsusi radikal qruplar var. Bunlar sələfilik, vəhhabilik, təkfirçilik, xəvariclikdir. Deyirlər ki, sünninin malı, şiənin canı halaldır. Bu nə düşüncədir? Bu harada yazılıb?”
Bu çıxışdan sonra QMİ sədri Allahşükür Paşazadə deyib ki, əgər həmin məsciddə deyilən faktlar varsa araşdırılacaq:
“Siz bizə yazılı müraciət edin, biz də lazımi tədbirlər görək. Kim deyir ki, məscidi bağlamaq olmaz? Əgər orada başqa məqsədlər üçün işlər görürlərsə gələcəkdə “Aşurbəy” məscidinin bağlanması gündəmdə olacaq”.