Dövlət büdcəsi üzrə aparılan nəzarət tədbirlərinə əsasən, audit olunan vəsaitin məbləği açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Nəzarət tədbirlərinə əsasən, bu vəsait 6.7 milyard manat olub.
Yoxlama tədbirləri ilə uyğunluq elementləri üzrə pozuntu 584.8 milyon manat, maliyyə təhrifləri 626.3 milyon manat, səmərəsiz xərclər 342.9 milyon manata bərabər olub.
Uyğunluq elementləri üzrə aşkarlanan maliyyə pozuntularının 170.4 milyon manatını büdcəyə hesablanan zərər təşkil edib. Büdcəyə hesablanan zərərin 101.5 milyon manatı üzrə vəsaitin bərpası, 40.2 milyon manatı üzrə isə müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi barədə qərar qəbul edilib.
28.7 milyon manatın əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməmiş, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib.