Novruz bayramı ərəfəsində sərnişin axını çox olan bölgələrə əlavə avtobuslar ayrılacaq.
Bu barədə Oxu.Az-a Bakı Beynəlxalq Avtovağzalının şöbə müdiri Mətləb Abidi bayramla əlaqədar hazırlıq işlərindən danışarkən qeyd edib.
Onun sözlərinə görə, vağzalın qiymətlərə nəzarət komissiyasına eləcə də, avtovağzal nəzarət şöbəsinə müəyyən tapşırıqlar verilib və iş rejimləri gücləndirilib:
“Avtovağzalın nəzarət şöbəsinə tapşırılıb ki, sürücülər bayram günlərində səliqəli olsunlar, eyni zamanda nəzarət komissiyasına müvafiq tapşırıqlar verilib” - deyə, Mətləb Abidi bildirib.
“Hansı istiqamətlərə əlavə avtobusların buraxılması nəzərdə tutulub?” sualına isə şöbə müdiri bu cür aydınlıq gətirdi:
“Təcrübə göstərir ki, hər il ilaxır çərşənbədə cənub istiqamətində hərəkət edən avtobuslara tələbat artır. Bu səbəbdən bu istiqamətdə avtobusların sayı artırılacaq. Qeyd edim ki, əgər bayramdan sonra Gəncə, Bərdə, Tərtər, Şəki istiqamətində də sıxlıq müşahidə olunsa, bu halda həmin regionlar üzrə də avtobusların sayının artırılması nəzərdə tutulub”.
Onun sözlərinə görə, 10 gün əvvəl biletlər satılıb və onlayn qaydada bilet satışı həyata keçirilir.
Bayram günlərində sərnişindaşıma tariflərinin süni artırılması hallarının qarşısının alınması ilə bağlı isə şöbə müdiri bu cür aydınlıq gətirdi:
“Qiymətlərə nəzarət olunur. Hansısa avtobusda qiymətlərin artırılması halları baş verdikdə bu halda həmin avtobus və sürücü xətdən kənarlaşdırılacaq” - deyə, Mətləb Abidi deyib.