Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) enerji tariflərinin azaldılmasını təmin edəcək.
Oxu.Az abc.az-a istinadən xəbər verir ki, bu barədə ABEMDA-nın sədri Akim Bədəlov bildirib.
Onun sözlərinə görə, bu gün agentlik Qobustan hibrid stansiyasından Azerenerji ASC-yə elektrik enerjisinin 1 kilovatını 0,045 manata (ƏDV daxil) satırsa, ölkə üzrə pərakəndə tarif 0,06 manat təşkil edir.
“Dövlət agentliyinin fəaliyyətinin əsas məqsədlərindən biri elektrik enerjisi tariflərinin maksimal azaldılması, həmçinin ölkədə keyfiyyətli enerji bazarının formalaşdırılması ilə istehsalçıların və satıcıların istehlakçılar qarşısında məsuliyyətinin artırılmasından ibarətdir.
“Hələlik yeni tarifləri müəyyənləşdirməmişik, çünki poliqonun yerləşdiyi Qobustan qəsəbəsinin yalnız alternativ enerji hesabına təmin olunması üzrə işlər hələ başa çatmayıb. Yalnız bundan və istehlak və israf həcmlərinin ətraflı öyrənilməsindən sonra yeni tarifi müəyyənləşdirmək mümkün olacaq” – deyə, A.Bədəlov bildirib.
Onun sözlərinə görə, elektrik enerjisi tariflərinin azaldılmasının əsasını investorlar, banklar və sığorta şirkətlərinə əlavə faizlərin ödənilməsindən qaçmağa imkan verən birbaşa dövlət sərmayələri təşkil edir.