“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, bu gün Padar-Sığırlı mənzilində 10,5 km yolun əsaslı təmirinə start verilib.
Təmir işləri ayın sonuna kimi davam edəcək. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. “Dəmiryolservis” MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyev artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanıldığını və 500 metr köhnə yol söküldüyünü bildirib.
Qeyd edək ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, 10 dekabr 2013-cü ildə Ağstafa-Poylu mənzilində 317-ci kilometrin əsaslı təmiri başa çatıb.