Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qlobal iqtisadi müharibə rəqəmlərdə - ANALİZ
ABŞ-la Çin arasında 2018-ci ilin iyun ayının 6-da əlavə gömrük vergisinin tətbiqi ilə başlayan ticarət müharibəsi qlobal iqtisadiyyatı sarsıtmaqda davam edir.
Əslində, bu gün dünya iqtisadiyyatında baş verənlər gözlənilən idi. Çünki hadisələrin kökü Donald Trampın prezident şeçkiləri kampaniyasında Amerika xalqına verdiyi vədlərə dayanır.
Belə ki, Tramp hələ o zaman ölkəsinin emal sektorunu canlandıracağının, infrastruktur xərclərini artıracağının, eləcə də, məşğulluğu təmin edəcəyinin anonsunu etmişdi. Doğrusu, buna nail oldu da.
O, ilk olaraq 2017-ci ilin dekabrında 1 mlrd. 500 mln. dollarlıq “Vergi endirimi”, eləcə də, “Məşğulluq Qanunu”nu imzaladı. Birinci sənəd sayəsində 35 faizlik gəlir vergisi 21 faizə endirildi.
Əslində, Tramp bununla ABŞ-ın ən böyük 50 şirkətinin kənarda saxladığı 1 trilyon dollar nağd rezervi ölkəyə gətirərək investisiya yatırmalarını hədəfləmişdi. İstəyinə nail oldu da. Nağd vəsaitləri toplam 440 milyard dollar olan “Apple”, “Microsoft”, “Google”, “Pfizer” və “Cisco” kimi şirkətlərdən müsbət reaksiya aldı.
Çinlə başladı, dünyaya keçdi
İkinci mərhələdə hədəf 566 milyard dollar olan xarici ticarət kəsirini bağlamaq idi. D.Tramp bu istiqamətdə hərəkətə keçdi. İlk olaraq Çindən başladı. Çünki bu ölkə ilə ABŞ-ın ticari kəsir balansı 375,2 milyard dollar təşkil edirdi.
D.Tramp Çindən idxal edilən 34 milyard dollar qiymətində 800-dən çox məhsula 25% əlavə gömrük vergisi tətbiq etdi. Cəmi üç gün sonra 200 milyard dollar dəyərində idxala 10% əlavə vergi qoydu. Çin də cavabsız qalmadı və ABŞ-dan idxal edilən 128 məhsula 25% əlavə gömrük vergisi tətbiq edəcəyini bildirdi.
Amma hədəfdə tək Çin deyildi. Belə ki, ABŞ-ın AB ilə ticari kəsir balansı da aşağı rəqəmlə ifadə olunmur. Nə az, nə çox, 151,4 milyard dollar təşkil edir. O baxımdan, AB bu həmlələrdən kənarda saxlanıla bilməzdi.
Gözlənildiyi kimi, NATO-nun Brüseldə keçirilən zirvə toplantısında Almaniya kansleri Angela Merkellə Tramp arasında gərgin anlar yaşandı. Bunun ardınca ABŞ prezidenti Almaniya başda olmaqla, Avropa Birliyinin avtomobil sənayesini hədəf alan təhdidlər səsləndirdi.
Ən əsası, ABŞ-ın polad və alüminiuma əlavə vergi tətbiq etməsi Çindən sonra AB ölkələrini, Kanada, Meksika, Hindistan və Türkiyəni vurdu.
Növbə Rusiya və İrana da çatdı
ABŞ-da keçirilən seçkilərə müdaxilə ilə başlayan gərginlik Sergey Skripal böhranı ilə pik nöqtəyə çatdı. Ağ Ev Rusiyaya qarşı əlavə sanksiyaları nəzərdən keçirdiyini açıqladı.
İrana gəlincə, D.Tramp 2015-ci ildə Tehranla imzalanmış sazişdən çıxmaq qərarını elan etdi. İrana qarşı sanksiyaların ilk mərhələsinə start verdi. Hazırda tətbiq edilən sanksiyalara İranın ABŞ dollarına çıxışının qarşısının alınması, dövlət istiqrazlarının satılması, qızıl, almaz və digər qiymətli metallar, polad, alüminium, kömür, həmçinin İrana idxal edilən təyyarə və ya onun detalları, gəmiqayırma sahəsi daxildir.
Bununla yanaşı, xarici şirkətlərin İranın avtomobil sektoruna girməsinin qarşısını alacaq cəzalar, əl istehsalı olan xalçaların, şam fıstığı kimi qida məhsullarının ABŞ-a ixracı da sanksiyalarla qadağan olunub.
ABŞ kimləri hədəf alıb?
Bildiyimiz kimi, İrana qarşı sanksiyaların ikinci mərhələsinə enerji sektoru - neft məhsulları daxildir. İran bu sırada tək deyil. ABŞ İrandan başqa, daha iki neft ölkəsini - Venesuela və Rusiyanı da sanksiyalarla hədələyir.
Analitiklərin rəyinə görə, ABŞ təbii enerji ehtiyatları olan və dövlət borcu ümumi daxili məhsula nisbətdə az olan ölkələri hədəf alıb:
“Türkiyəyə gəldikdə, bu üçlük arasında nefti olmayan, ancaq cari kəsiri mənfi olan yeganə ölkədir. Buna görə də Trampın Türkiyəyə istiqamətlənmiş iqtisadi müharibə elanı lirə və dollar üzərindən gəldi. Bu gün türk lirəsi ilə barəbər, rubl, yuan da ən çox dəyərdən düşən valyutalar arasındadır. Qlobal iqtisadi müharibə başlayıb.
ABŞ-ın Federal Ehtiyatlar Sistemi tədricən faiz dərəcələrini artırır. ABŞ xəzinəsinin iştahı da paralel olaraq artmaqda davam edir. İnkişaf etməkdə olan ölkələr isə dollar likvidliyinin azalması ilə mübarizə aparırlar”.
Leyla Əliyeva
www.oxu.az