Yanvarın 25-dən etibarən yağan güclü qar nəticəsində bir çox rayonların ucqar dağ kəndlərinə elektrik enerjisinin ötürülməsində fasilələr yaranıb.
“Azərişıq” ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, “Şimal-Qərb” RETSİ-nin xidməti ərazisində olan rayonlarda 24.01.2016-cı il tarixdən etibarən qeyri-sabit hava şəraitində güclü qar yağması nəticəsində 25.01.2016-cı il tarixdən 26.01.2016-cı il tarixə keçən gecə saat 3-4 radələrindən başlayaraq 35-10 kV-luq EVX-də açılmalar olub. Hal-hazıra olan vaxta 2 ədəd 35 kV-luq və 18 ədəd 10 kV-luq EVX-i bağlanıb.
Hal-hazırda Şamaxı, Qax və İsmayıllı EŞ-nin ərazisində normal elektrik enerjisi verilişi bərpа edilib. Zaqatalada - 6 , Balakən - 9, Şəki - 2, Oğuz - 2, Qəbələ - 7 ədəd 10 kV EVX-də təmir-bərpa işləri aparılır. Axşam saatlarına qədər bütün xətlərdə elektrik enerjisinin ötürülməsi bərpa ediləcək.
Bundan başqa, “Cənub” RETSİ-nin xidməti ərazisinə daxil olan 110 kv-luq 1-ci Lənkəran y/st-dan çıxan Lerik rayonunu qidalandıran 35 kv-luq Hamarat hava xəttində güclü buzlaşma nəticəsində naqil qırılıb və yerlə əlaqə olduğuna görə xətt qəzadan açılıb.
Xətt keçən ərazi çətin relyef və qalın qar örtüyü olduğuna görə təmir-bərpa briqadasının işini çətinləşdirir. Hal-hazırda Hamarat hava xəttinin bərpası ilə əlaqədar təmir-bərpa briqadası iş aparır.
110 kv-luq Masallı yarımstansiyasından qidalanan 35 kv-luq I Yardımlı və II Yardımlı 2 dövrəli hava xəttinin buzlaşma nəticəsində dayağı sıradan çıxıb. Həmin hava xəttin dayağının bərpası ilə təmir-bərpa briqadası maşın-mexanizm ilə şəbəkə rəhbərliyi məşğuldur.
Hər iki rayonun arasında dairəvi sxem mövcud olduğuna görə iki xətdən biri bərpa olunan kimi hər iki rayona gərginlik veriləcək. İlkin məlumata görə, saat 17.00 üçün işığın bərpası mümkün olacaq.