Oxu.Az “Türkmən Dövlət Xəbərləri”nə (TDX) istinadən xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, “Türkmənistanın neft və qazı-2014” adlı Beynəlxalq sərgidə və “Türkmənistanın neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq: potensial, nailiyyətlər, prioritetlər” XIX Beynəlxalq konfransında iştirak etmək üçün Türkmənistanın paytaxtında səfərdə olan, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri Rövnəq Abdullayevi qəbul edib.
O, Türkmənistan dövlət başçısına Azərbaycan prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb, eləcə də dost türkmən xalqına rifah və ikitərəfli münasibətlərin gələcək inkişafını arzu edib.
“Qonaq qeyd edib ki, Türkmən dövlətinin açıq daxili siyasəti, sərfəli investisiya mühiti bütün sahələrdə, o cümlədən neft-qaz sahəsində produktiv əlaqələrin yaradılması üçün etibarlı təməldir”, - məlumatda deyilir.
Prezident Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın ali rəhbərliyinə və xalqına cavab olaraq ən xoş arzularını bildirərək qeyd edib ki, Türkmənistan, qırılmaz dostluq və mehriban qonşuluq münasibətlərinə, bərabərhüquqlu və sərfəli əməkdaşlıq prinsiplərinə əsaslanan ənənəvi dövlətlərarası münasibətlərə sadiqdir və gələcəkdə Türkmənistan-Azərbaycan əməkdaşlığını bütün istiqamətlərdə fəallaşdırmaq niyyətindədir.
Görüşün gedişatında Aşqabadda neft-qaz sferasında əməkdaşlığa dair keçirilən növbəti Beynəlxalq sərginin və konfransın aktuallığından danışarkən, Türkmənistanın misilsiz yanacaq-enerji kompleksinin potensialının ixracatının artması, cari istiqamətdə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi dünya ictimaiyyəti qarşısında duran üçüncü minilliyin qlobal məqsədlərinin həllinə xidmət edəcəyi qeyd edilib. Bu kontekstdə türkmən dövləti milli iqtisadiyyatının inkişafı və ümumi maraqlar üçün mövcud karbohidrogen resurslarının maksimal istifadəsinə səy göstərir.
Rövnəq Abdullayev Türkmənistanın BMT vasitəçiliyi ilə əsas məqsədi dünya bazarlarına enerji daşıyıcılarının etibarlı və sabit çatdırılmasına istiqamətlənmiş, yeni beynəlxalq hüquqi mexanizmin hazırlanması olacaq beynəlxalq ekspert qrupunun yaradılması təşəbbüsünü yüksək qiymətləndirib.
Onun reallaşdırılmasında isə mühüm addım Azərbaycan tərəfinin də maraqlı olduğu cari ilin dekabr ayına planlaşdırılmış ekspert qrupunun Aşqabadda keçiriləcək iclası olacaq.