Hələ ki, biz, yəni sıravi Azərbaycan vətəndaşları neftin dünya qiymətlərinin enməsinin nəticələrini öz üzərimizdə hiss etməmişik.
Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, heç hiss etməyəcəyik də. Belə ki, Azərbaycan neftinin qiymətinin ucuzlaşması yalnız 2015-ci ilin konsolidasiya büdcəsində əks olunacaq. Büdcənin xərclər və sosial ödəmələr hissəsi dəmir kimi möhkəmdir və heç bir dünya konyukturlarının hücumlarına məruz qalmır. Allah eləsin ki, bu proqnoz özünü doğrultsun.
Amma neftin qiymətlərinin ucuzlaşması və Rusiyanın sürətlə defoltla nəticələnəcək ressesiyaya enməsi bu ölkədə vətəndaşlarımızın vəziyyəti məsələsini aktuallaşdırır. Müxtəlif dəyərləndirmələrə görə orada yaşayan həmvətənlərimizin sayı yüz minlərlədən bir neçə milyona qədərdir.
Hər şeyi şişirtməyə meyilli olan müstəqil ekspertlər iddia edirlər ki, Rusiyada dörd milyona qədər azərbaycanlı var.
Strateji Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov isə hələ keçən il jurnalistlərə onların sayının 600 minə çatdığını bildirib. Çətin ki, o dövrdən bu yana Rusiyada həmvətənlərimizin sayı gözəçarpacaq dərəcədə arta və ya azala.
Digər tərəfdən isə orada nə qədər azərbaycanlının olmasının nə fərqi var? Məgər onlar bizim bir zamanlar SSRİ məkanını bölüşdüyümüz qardaş ölkədə deyillər? Və həm də əsas Azərbaycana göndərdikləri pulun məbləği daha vacib deyilmi? Əsas odur ki, Vətəni unutmasınlar və valyuta pozitivini bölüşsünlər, qonşu ölkənin demoqrafiya məsələsinə isə toxunmayacağıq. Söhbət indi ondan getmir. Həm də əsas mövzu, yəni Rusiyada qazanc məsələsində anlaşılmazlıq yaranır. Belə ki, əgər Rusiya iqtisadiyyatında vəziyyət belə davam edərsə, bizim həmvətənlərimizin qazancsız qala bilmə təhlükələri var.
Özümüzü hər hansı bir Azərbaycan kəndində arvadını və yeddi uşağını qoyub, Rusiyaya qazanc dalınca gedən Məmməd adlı mühacirin yerinə qoyaq. Ehtimal edək ki, o universitetdə oxumayıb, adicə suvaqçıdı, amma alverin bütün giriş-çıxışlarını bilir.
Yol çantasını yığmazdan əvvəl Məmməd Azərbaycandan başqa hər yerdə suvağın bir kvadrat metri üçün 3 manat veriləcəyini ehtimal edəcək. Suvaqçıya veriləcək standart qiymət budur. Bundan başqa, tikinti işində yaxşı ustaya həmişə ehtiyac var. Belə ki, iqtisadiyyat inkişaf edir, özəl sektor çiçəklənir, insanlar tikir və suvayırlar.
Ona görə də Məmmədin Vətəni həm onun özünü, həm də ailəsini çörəklə təmin edəcək. Amma Rusiyada işlər elə də yaxşı olmayacaq. “Yağlı yerdə” Məmməd hələ, 2011-ci ildə bir kvadrat metr üçün 200 rubl ala bilərdi. Bu, sərfəli idi və vaxtında Məmmədin həmkəndliləri çoxdan bu fürsətdən istifadə edərək, Rusiyaya gedərək qazanc əldə ediblər. Hələ üç il bundan öncə orada və bizdə suvamanın qiyməti gözəçarpacaq dərəcədə fərqli idi, çünki 200 rubla 6 dollar almaq olardı, indi isə vəziyyət köklü sürətdə dəyişib. Fəhlə əməyinin dəyəri bu ölkədə o qədər də yüksəlməyib, həmin o 200 rubla indi cəmi 2,5 dollar almaq mümkündür. Bu gün belədir, bəs sabah və ya bir ay sonra necə olacaq?
Məmməd iqtisadi hesablamalarda elə də güclü deyil. OPEK öz neft hasilatı ilə ona heç lazım deyil, Rusiyanın Mərkəzi Bankının Sibir neftinin bir bareli üçün qiyməti heç yadına da düşmür. Məmməd suvaqçıdır, deməli ciddi adamdır. O, ailəsini düşünür və intuisiyası ona Rusiyaya getməyi bir qədər təxirə salması lazım olduğunu deyir. Hələ üstəlik onun kəndliləri də Vətənə qayıtmaq barədə düşünürlər. Bu dəqiqə söhbət qonşu ölkənin demoqrafiyasından getmir...
Məmmədin yerlilərinin bəziləri Rusiyada öz bizneslərinə son verərək geri dönüblər. Axı alver də əvvəlki kimi deyil, əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Bəziləri isə sona qədər qalmağı qərara alıblar. Çünki bizneslərini sərfəli şəkildə satmaq imkanı tapmayıblar. Ən yaxşı halda qoyduqları sərmayənin yarısını əldə edəcəklər, deməli pul itirəcəklər. Məmmədin Vətənə qayıtmaq niyyətində olan həmkəndliləri, özləri ilə heç olmasa kapitalın xilas etdikləri hissəsini gətirməyə söz verirlər.
Məmməd sevinir. Ona elə gəlir ki, Rusiyadan qayıdan həmvətənlərinin gətirdikləri pul, adi kənd məişətini canlandıracaq. Axı biznesə alışan azərbaycanlılar mütləq kapitalı burada da, elə orada işlətdikləri obyektlərə bənzər obyektlərə yatıracaqlar. Yaxşı suvaqçıya tələbat artır, belə ki, həmyerlilərin gətirdikləri pulların bir qismi yeni mənzillərin alınmasına sərf ediləcək, deməli tikinti sahəsi canlanacaq.
Məmməd iqtisadi hesablamalarda güclü deyil. O, bunları bütün varlığı ilə hiss edir. O, 2014-cü ilin yanvar-oktyabr aylarında ötən ilin analoji dövrü ilə müqayisədə əmlak bazarının dövriyyəsinin 27,66% artdığını deyən Azərbaycanın Mərkəzi Bankının son məlumatları ilə tanış deyil. Ona bu rəqəmlər lazım deyil. O, intuitiv olaraq anlayır ki, Rusiya iqtisadiyyatının süqutu Azərbaycana təsir etməyəcək. Deməli, Məmmədin də insan olduğunu nəzərə alaraq, ən yaxşısı evdə, arvad-uşağının yanında qalması yaxşıdır...
Dünyamalı Nurşərəf
www.oxu.az