Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Lənkəran rayonunun Vilvan kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Lənkəranda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsindən ibarət olub.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev çıxışı zamanı 2014-cü ilin ötən dövrü ərzində 2127 sahibkara 108,6 mln. manat güzəştli kredit verildiyini, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması məqsədilə 5000-ə yaxın yeni iş yerinin yaradılması üçün zəmin yarandığını diqqətə çatdırıb.
Qeyd edilib ki, ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1724 investisiya layihəsinin maliyyələşdirilməsinə 85,2 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, üzümçülük, intensiv bağçılıq, çayçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, mebel və tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 9700-ə yaxın yeni iş yerinin açılması imkanı əldə olunub.
Forum çərçivəsində Lənkəran və ətraf rayonlardan olan 49 sahibkara 11,1 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq, çayçılıq, əkinçilik, çörək, süfrə suyu, konserv məhsullarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.