2014-cü ildə İraq ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 354 milyon dollar təşkil edib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak bildirib.
“Biz bu məbləğin 2015-ci ildə artacağını gözləyirik”-deyə, səfir əlavə edib.
O bildirib ki, İraq ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlığın və digər sahələr üzrə kadr potensialının inkişafına dair sövdələşmə əldə edilib.
Xatırladaq ki, bir müddət əvvəl Energetika naziri Natiq Əliyev Oxu.Az-a bildirmişdi ki, İraqla Azərbaycan arasında imzalanmış memoranduma əsasən, Azərbaycan Dövlət Neft Şirkəti və İraqın Milli Neft Şirkəti birgə qrup yaradacaq.
“Biz nəzərdə tuturuq ki, İraqda hansısa bir neft yatağına investisiya qoyaq. Eyni zamanda İraqı Azərbyacandakı layihələrdə iştiraka dəvət etdik. İnanıram ki, bizim əməkdaşlığımız baş tutacaq”, - Natiq Əliyev demişdi.
Qeyd edək ki, energetika naziri Natiq Əliyev və İraqın neft naziri Adil Abdulmahdi arasında İraqda neft-qazın inkişaf layihələrinə dair Anlaşma Memorandumu iyunun 1-də imzalanıb.
Ülviyyə R. Əli
www.oxu.az