Qeyri-neft sektorunda İranla Azərbaycan arasında qarşılıqlı ticarətin həcmi 500 milyon dollar təşkil edir.
Bu barədə Oxu.Az-a Bakıda keçirilən “Travel and Tourism” sərgisində İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.
Səfirin sözlərinə görə, İran və Azərbaycan arasında əlaqələrin potensialını nəzərə alaraq, bu rəqəm qarşıdakı illər ərzində 2 dəfə arta bilər:
“Ümumiyyətlə, həm neft, həm də qeyri-neft sektorunda Azərbaycanla İran arasında qarşılıqlı ticarətin həcmi 1 mlrd. dollara çatır”.
Tikilməkdə olan Rusiya, Azərbaycan və İran dəmir yollarını birləşdirəcək Astara-Rəşt-Qəzvin dəmir yolundan danışan səfir bildirib ki, hazırda Qəzvindən Rəştədək olan dəmir yolunun çəkilməsi başa çatıb.
“İndi Rəştdən Astarayadək dəmir yolu xəttinin çəkilməsi üzərində işlər gedir. Hazırda iş adamları ilə müzakirələr aparırıq ki, bu məsələnin maliyyələşdirilməsini öz üzərinə götürsünlər və dəmir yolunun inşası başa çatsın”, - deyə, səfir bildirib.
Qeyd edək ki, Astara-Rəşt-Qəzvin dəmir yolu cənub istiqamətində beynəlxalq nəqliyyat layihəsinə aid bir dəhlizdir. Bu dəmiryolu dəhlizi vasitəsilə Azərbaycan Astarası İran Astarası ilə birləşmiş olacaqdır.
Ülviyyə R. Əli
www.oxu.az