Bizim Azərbaycana cari səfərimizin məqsədi Misir ilə Azərbaycan arasındakı turizm təşəbbüslərinin gələcək inkişafına bir işarətdir.
İnanırıq ki, turizm sektorunda bizim gələcək əməkdaşlığımız, siyasi sahədə olduğu kimi daha da çiçəklənəcək.
Oxu.Az xəbər verir ki, bu sözləri Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Süzan Muhammad Hamil bu gün jurnalistlər üçün təşkil edilən mətbuat konfransında deyib.
“Turizm sektoru bildiyiniz kimi hər hansı istənilən ölkənin inkişafında çox mühüm meyarlardan biridir. Turizm sektoru, təbii ki, digər sahələr kimi də çox strateji əhəmiyyətə malikdir. Digər sahələrdə əldə olunan naliyyət məhz bu sektordan da əldə olunmalıdır”, - deyə səfir əlavə edib.
Səfir onu da qeyd edib ki, bu təşəbbüsün nəticələri səfirlik tərəfindən yaxından izləniləcək:
“Beləliklə, bu təşəbbüs gələcəkdə böyük işlərə nail olmaq üçün gözəl bir fürsətdir. Biz də qeyd etmək istərdik ki, bizim Azərbaycanda fəaliyyət göstərən Misir səfirliyimiz də bu təşəbbüsün nəticələrini yaxından izləyəcək”.
Qeyd edək ki, Misir Ərəb Respublikasının Misir Turizm İdarəsinin planlaşdırma şöbəsinin rəhbəri Əhməd Şokri, Misirin Praqdakı Turizm İdarəsinin rəhbəri Muhammad Desuki, Misir Otelyerler Assosiasiyasının rəhbəri Əhməd Əyyub və Misir Turizm Federasiyası Palatasının nümayəndələri Əli Qonaym və Adel əl-Haqar və Misirin turizm şirkətlərinin nümayəndələri Bakıda səfərdədir.
Ülviyyə R. Əli
www.oxu.az