SOCAR Azərbaycanda yeni inşa ediləcək Neft-Qaz və Neft Kimya Kompleksinin (OGPC) tikintisini maliyyələşdirmək üçün Azərbaycan Mərkəzi Bankından kredit cəlb edəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, bununla bağlı alyanslarla layihə maliyyələşdirilməsi prinsipi ilə danışıqlar davam etdirilir:
“Biz çalışırıq ki, kompleksin tikintisində üzərimizə düşən 80% maliyyəni öz qaynağımız olan Mərkəzi Bankdan aldığımız uzunmüddətli kreditlə verək. Qalan 20% hissəsini isə ixrac banklarından cəlb edək”.
O bildirib ki, Mərkəzi Bankdan cəlb olunacaq kredit 1 mlrd. manata yaxın olacaq. Kredit layihənin tikintisinə başlayanda 10 il müddətinə götürüləcək:
“Kredit 5 il müddətinə ödənişin uzadılması ilə cəlb ediləcək. Düşünürəm ki, 3-4 il müddətinə layihənin tam tikilib istifadəyə verilməsi mümkün olacaq”.
Onun sözlərinə görə, OGPC-də tender prosedurları aparılır:
“Düşünürəm ki, bu yay aylarında artıq tender elan ediləcək və podratçı alyanslar seçiləcək”.