Finlandiyanın Helsinki şəhərində Dövlət Neft Şirkəti (SOCAR) ilə bu ölkənin “Neste Jacobs Oy” şirkəti arasında Karbamid Zavodu Layihəsi üzrə Layihənin İdarəedilməsi və Müstəqil Təftiş Xidmətlərinə dair müqavilə imzalanıb.
Bu barədə Oxu.Az-a SOCAR-dan bildirilib.
“Daxili tələbatın tam ödənilməsi ilə yanaşı, gələcəkdə istehsal olunan karbamid məhsulunun müəyyən hissəsi Türkiyəyə və SOCAR-a məxsus Kulevi Terminalı vasitəsilə dünya bazarlarına ixrac ediləcək”-deyə, SOCAR-dan bildirilir.
Qeyd edək ki, zavodun 2017-ci ildə tam istismara verilməsi nəzərdə tutulub.
Bundan başqa, zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq.
SOCAR vurğulayır ki, sutkada 2000 ton karbamid istehsal edən zavod kənd təsərrüfatının davamlı inkişafına böyük töhfə verəcək, işsizlik probleminin aradan qaldırılmasına müsbət təsir göstərəcək.
Məlumat üçün bildirək ki, Azot gübrəsi-Karbamid istehsalı zavodunun layihəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, 13 mart 2013-cü il tarixində SOCAR və Cənubi Koreyanın Samsung Engineering Co., Ltd. şirkəti arasında imzalanmış Mühəndislik, Satınalma və Tikinti üzrə Müqaviləyə əsasən həyata keçirilir.
Ülviyyə R. Əli
www.oxu.az