Albaniyanın qazlaşdırılması üzrə baş planının texniki-iqtisadi əsaslandırılmasının həyata keçirilməsi məqsədilə xüsusi işçi qrupu yaradılacaq.
SOCAR-dan Oxu.Az-a verilən məlumata görə, bu barədə məsələ ilə bağlı keçirilən toplantıda səsləndirilib.
Toplantıda Albaniyanın energetika və sənaye naziri Damian Qjiknuri Azərbaycanın Cənub Qaz Dəhlizinin inkişafında fəal rolunu və Albaniyanın qazlaşdırılması üzrə baş planının həyata keçirilməsində SOCAR-ın dəstəyini yüksək qiymətləndirib, layihənin ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinə, Albaniyada qaz şəbəkəsinin yaradılması ilə Balkan regionunda qaz şəbəkəsinin genişləndirilməsinə və bununla da Albaniyanın firavanlığına mühüm töhfə verəcəyini bildirib.
Öz növbəsində SOCAR prezidentinin müşaviri Murad Heydərov Azərbaycanın bu ölkənin qaz bazarının inkişafına öz töhfəsini vermək niyyətində olduğunu bildirib. O, Azərbaycan və Albaniya hökumətlərinin alternativ qaz mənbələrini və Azərbaycandan Adriatik dənizi və Cənub-Şərqi Avropa istiqamətində nəqliyyat marşrutlarını təmin edən TAP və digər layihələr üzrə yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.
Qeyd edək ki, tərəflər arasında növbəti görüş 2015-ci ilin aprel ayında keçiriləcək.