SOCAR-da bu gün təqribən 51 min 209 nəfər işçi çalışır. Onların 12%-i rəhbər, 19%-i mütəxəssis, 69%-i fəhlədir.
Oxu.Az xəbər verir ki, bu sözləri SOCAR-ın Kadr, rejim, informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib.
“Yaş qrupuna görə isə işçilərin 30 yaşa qədər olanlar 14% təşkil edir, 20%-i 41-50 yaş qrupları üzrə, 31-40 yaş üzrə isə 22%-dir, 51 yaşdan yuxarı olanlar isə 38%-dən yüksəkdir. Təhsilə görə 32%-i ali, 13%-i orta ixtisas, 5%-i peşə, orta təhsilli isə 50%-dir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, bu gün SOCAR-da çalışanların 87%-i kişilərdir:
“Bu gün SOCAR-da çalışanların 83%-i kişilər, 17%-i isə qadınlardır. Şirkətdə 35 nəfər elmlər doktoru, 225 nəfər elmlər namizədi çalışır. Bu kadr tərkibi SOCAR-ın ən əsas resursudur”.
O, həmçinin əlavə edib ki, artıq SOCAR-a işə qəbulla bağlı ədalət tam təmin edilib:
“Bu gün biz işə qəbul prosesinin şəfaf, ədalətli, hamının iştirak edə biləcəyi şəkildə təşkil edirik.
Bu günə qədər işə qəbulla bağlı 174 570 müraciət daxil olub. 3 889 vakansiya elan edilib, 54 199 vakansiya təsviri formaya uyğun ilkin seçim aparılıb, 32 141 vakansiya üzrə test imtahanı, fəhlə kateqoriyası üzrə 6 500 müsabiqə təşkil edilib.
Müsabiqələrdən uğurla keçərək SOCAR-da vakansiyaları tutan işçilərin sayı isə 3 753 nəfər olub. Artıq işə qəbul prosesində şəffaflıq, ədalət tam təmin edilib”.
Ülviyyə R. Əli
www.oxu.az