Neft Fondunun (SOFAZ-ın) bu ilin yanvar-iyun ayları ərzində büdcə gəlirləri altı ayda 493,6 milyon manat, büdcə xərcləri isə 5 163,1 milyon manat təşkil edib.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, SOFAZ-dan verilən məlumata görə, neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 6 374, 8 milyon manat, mənfəət neftinin və qazın satışından 6 355,4 milyon manat, tranzit gəlirləri 4,4 milyon manat, bonus ödənişləri 13,3 milyon manat, Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər isə 118,8 milyon manat olub.
“Hesabat dövründə SOFAZ-ın 2014-cü il büdcəsinin icrası çərçivəsində 4 883,8 milyon manat vəsait dövlət büdcəsinə transfer edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 177,3 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 11,0 milyon manat, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə 19,6 milyon manat vəsait ayrılıb.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 5,2 milyon manat vəsait yönəldilib.
“Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri üzrə yaradılmış səhmdar cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi məqsədilə Neft Fondundan 40,0 milyon manat vəsait ayrılıb. 2014-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 26,2 milyon manat təşkil edib.
İlk altı ayda valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 6,5 milyon manat, qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 78,1 milyon manat, ABŞ dolları, Avro, İngilis funt sterlinqi və digər valyutaların dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar xərcləri 71,6 milyon manat olub”, - məlumatda deyilib.