Bu zavodu müasir texnologiya əsasında yenidən işə salmaq üçün hazırda bir neçə şirkət ilə əməkdaşlıq edirik. Onlar şüşə istehsalını perspektivli görürlər. Hazırda infrastrukturu yenidən qurmaq üçün layihə-smeta sənədləri hazırlanır.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bunu “Xəzər” SC-nin sədri Qüdrət Kərimov bildirib.
O qeyd edib ki, şüşə sənayesi Azərbaycan üçün zəruridir:
“Təsəvvür edin, il ərzində xaricdən Azərbaycana 20 milyon kvadratmetr (müxtəlif təbəqə şüşəsi) pəncərə şüşəsi idxal olunur. Son məlumatlara görə, inkişaf etmiş ölkələrdə adambaşına 2,5-3,5 kvadratmetr təbəqə şüşəsi istehlak olunur. İnkişaf etməkdə olan ölkələrdə isə bu rəqəm 2-2,5 kvadratmetr təşkil edir. Azərbaycanda 9,4 milyon nəfər əhalini və il ərzində adambaşına 2-2,5 kvadrat şüşə istehlakını nəzərə alsaq, ildə təxminən 20 milyon kvadratmetr pəncərə şüşəsi normal istehlak təminatıdır”.
Onun sözlərinə gərə, ölkəmizə pəncərə şüşəsi ən çox Rusiya, Ukrayna, Türkiyə, İran və Çindən idxal olunur. Bu gün ölkəmizdə pəncərə şüşəsinə tələbat artıb. Hazırda istehsal proseslərini, tikintini, nəqliyyatı, elm və kosmik tədqiqatları, praktiki səhiyyəni mebel və mədəni-məişət predmetlərini şüşəsiz təsəvvür etmək çətindir.
İndi təbəqə şüşədən yalnız pəncərə şüşəsi kimi deyil, eyni zamanda bəzi üzlük materialları, konstruktiv elementlər, şüşə panellər, xalça-mozaik modullar, iri ölçülü bloklar, sərtləşdirilmiş şüşə qapı layları, çoxtəbəqəli şüşə, memarlıq-tikinti elementləri, enerji qoruyan və bronlu-mühafizə şüşə təbəqəsi kimi də istifadə olunur.
“Şüşənin tətbiq sahəsi geniş olduğundan ölkəmizdə şüşə sənayesinin perspektivi böyükdür. Hazırladığımız yeni layihəyə əsasən zavodun ildə 220 min ton xammal emal etməsi nəzərdə tutulur.
Bu xammalın 12 faizinin silikat və qida sənayesi üçün qab şüşələrin istehsalına yönəldilməsi planlaşdırılır. Bu gün ölkəmizdə konserv, şərab və su zavodlarının banka, balon və butulkaya böyük tələbatı var. Bu tələbatın ödənilməsi üçün hər il xaricdən ölkəmizə təxminən 170 milyon ədəd şərti qab idxal olunur”,- deyə Q.Kərimov əlavə edib.
Qeyd edək ki, Sumqayıt Şüşə Zavodu 1963-cü ildə qurulub. Şüşə zavodu təkcə Azərbaycanda deyil, Zaqafqaziyada pəncərə şüşəsi istehsal edən yeganə zavoddur.
Hazırda zavod yenidənqurma ilə əlaqədar fəaliyyətini dayandırıb.