Türkiyənin Qars şəhərində Trans-Anadolu boru kəmərinin (TANAP) təməlqoyma mərasimi keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçovic, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak edib.
Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu mərasimin Gürcüstan üçün çox önəmli olduğunu bildirib.
“Hər üç ölkə liderləri layihə ilə bağlı bir neçə il əvvəl qərar verdilər. O gün atdığımız addımlar nəticəsində bu gün buradayıq”.
O bildirib ki, Gürcüstan bir tranzit ölkə olaraq bu layihədə məsuliyyətini anlayır və üzərinə düşən vəzifəni sonuna qədər həyata keçirəcək:
“Bu, təkcə Gürcüstan üçün deyil, qonşularımız üçün də əhəmiyyətlidir. Gürcüstan Avropa və Asiya arasında önəmli bir qapıdır. Gürcüstanın tranzit ölkə olması ona üstünlük verir”.
G. Marqvelaşvili qeyd edib ki, Türkiyə və Azərbaycanın dəstəyi olmadan Gürcüstanın uğurunu düşünmək olmaz: “Bu gün biz ölkələrimizin gələcək rifahı baxımından önəmli addım atırıq. Enerji məsələsindən başqa ölkələr bəzən təhdid kimi istifadə edir. Biz bu sahədə üzərimizə düşən işi həyata keçirəcəyik. Layihənin turizmə və ticarətə müsbət təsirləri olacaq. Problemlər ola bilər, amma bu xətt açılacaq. Çindən və Asiyadan malların gəlişi artır, bunun üçün daha böyük logistik infrastruktura ehtiyac var. Bu səbəbdən üç ölkənin əməkdaşlıq önəmlidir. Biz ortaqlıqlarımızı artırmalıyıq. Enerji potensiallarımızı sonuna kimi istifadə etməliyik”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropaya qaz nəql edəcək TANAP layihəsinin sülh və əmin-amanlıq daşıyacağına ümid etdiyini vurğulayıb.
Onun sözlərinə görə, dünyada neft-qaz layihələrin çoxu müharibə, münaqişələrlə xatırlanır:
“Biz TANAP layihəsinin barışla, sülhlə anılacağına ümid edirik. Biz heç zaman başqasının problemləri üzərində rifah qurmağı düşünməmişik. Bu layihə ilə dünyaya yeni yanaşma nümayiş etdirə biləcəyimizi düşünürük. Layihənin hər zaman tədarükçüsü, tranzit ölkə və istehlakçısı olur. Burada Azərbaycan tədarükçü rolunda çıxış edir. Gürcüstanla Türkiyə isə həm tranzit, həm də istehlakçı ölkələrdir. Avropa da istehlakçı olacaq”.
Türkiyənin son bir neçə ildə əldə etdiyi uğurlardan danışan prezident Ərdoğan ölkəsinin enerji paylanması mərkəzinə çevrilməsinin planlaşdırıldığını qeyd edib: “Bizim digər təbii qaz-neft layihələrimiz davam edir, TANAP bunların içərisində fərqli əhəmiyyətə malikdir. TANAP-a alternativ layihə yoxdur. Cənub Qaz Dəhlizinin bütün mərhələlərini həyata keçirdikdən sonra Avropa ilə Xəzər dənizi arasında vacib bağlantı formalaşdıracağıq. Buna bütün Asiya regionunun ehtiyacı var”.
Ərdoğan boru xətti ilə təbii qaz nəqlinin 2018-ci ildə başlayacağını bildirib.
Azərbaycan prezidenti İlham Əliyev öz növbəsində qardaş Türkiyədə olduğundan məmnun olduğunu bildirib.
Prezident İlham Əliyev deyib ki, Türkiyədə özünü Vətəndəki kimi hiss edir: “Bu layihə enerji təhlükəsizliyi, ilk növbə isə Türkiyə-Azərbaycan qardaşlığı layihəsidir. Bu tarixi uğurlar əsasında gələcəyimizi qururuq. TANAP layihəsinin tarixi qısa, ancaq çox şərəflidir. 2011-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla TANAP layihəsi ilə bağlı müqavilə imzaladıq, keçən il sentyabrın 20-də Bakıda Cənub Qaz Dəhlizinin təməlini qoyduq. İnanıram ki, bu layihəni vaxtlı-vaxtında icra edəcəyik. Bu layihəyə ən azı 45 milyard dollar vəsait qoyulacaq. Azərbaycanın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetr, gözlənilən ehtiyatlar bundan 2 dəfə çoxdur. Əminəm ki, Azərbaycan qazı böyük həcmdə qonşu ölkələrə nəql ediləcək”.
Dövlət başçısı bildirib ki, bu gün Avrasiyada yeni əməkdaşlıq formatı yaranır: “Biz Türkiyə-Azərbaycan-Gürcüstan enerji, nəqliyyat, siyasi, iqtisadi formatı yaratdıq. Bu gün bu formatı genişləndiririk. Bu gün bu işə Yunanıstan, Bolqarıstan, Balkan ölkələri qoşulur. Balkan ölkələri gələcəkdə bizim qazımızı alacaqlar, Rumıniya və Macarıstan da bu layihələrə qoşula bilərlər. Çünki resurslar və Cənub Qaz dəhlizinin ötürmə qabiliyyəti böyükdür. Çalışmalıyıq ki, maksimum öz qazımızla qonşu, dost ölkələri təmin edək. Bu layihələrdə iştirak edən ölkələr təbii müttəfiqlərə çevrilirlər. Bu ölkələrin tarixi, mədəniyyəti fərqidir. Ona görə də Cənub Qaz Dəhlizi tək iqtisadi deyil, həm də ciddi siyasi təşəbbüsdür, iqtisadi mənfəət gətirən layihədir”.
Prezident İlham Əliyev qeyd edib ki, istehsalçı və tranzit ölkələrin bu layihədən mənfəət əldə etməsi əsas amildir: “Maraqlar balansı yarananda uğura nail ola bilərik. Keçən ay Bakıda Cənub Qaz Dəhlizi layihəsinin Məşvərət Şurasının iclasını keçirdik, Məşvərət Şurasında Avropa Birliyi və ABŞ rəsmiləri də iştirak ediblər. Qarşılıqlı inam işləri sürətləndirəcək. Biz bir-birimizə daha çox inanmalıyıq. Azərbaycan təcrübəsi olan ölkə kimi öz xidmətlərini göstərəcək. Bizim Türkiyə və Gürcüstanla birgə irəli sürdüyümüz bütün layihələr uğurla nəticələnib. İnanıram ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP uğurla icra olunacaq”.
Dövlət başçısı Cənub Qaz Dəhlizinin şaxələndirmə layihəsi olduğunu vurğulayıb: “Hazırda Avropa üçün yeganə yeni qaz mənbəyi Azərbaycan, “Şahdəniz” qaz yatağıdır. Mənbələrin, yolların şaxələndirilməsi də çox önəmlidir. Yeni mənbələrin mövcudluğu vacibdir. Dünyada və Avropada qaza tələb artacaq. Ənənəvi mənbələr tükənir, əminəm ki, gələcəkdə də bütün işləri lazımi səviyyədə aparacağıq. Əsas məsələ odur ki, aramızda qarşılıqlı anlaşma, hörmət var. Bu gün, Novruz bayramında axır çərşənbədə TANAP-ın təməlinin qoyulması önəmlidir. Biz gələcəyimizi milli ənənələr üzərində qururuq. Müxtəlif ölkələrdən gələn dostlar qonaqlarımızdır. İnşallah, 3 ildən sonra TANAP-ın açılışında birlikdə olacağıq”.
Düymə hər üç ölkə prezidenti tərəfindən basılıb.
10:16
Bu gün Türkiyədə TANAP qaz kəmərinin türk hissəsinin bünövrəsinin qoyulması mərasimi baş tutacaq.
Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir.
Tədbirdə həmçinin Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç də iştirak edəcək.
Qeyd edək ki, 2019-cu ilin sonuna TANAP Türkiyə və Avropaya 16 mlrd. kubmetr Azərbaycan qazı nəql edəcək.
E.Ə.
www.oxu.az