"XRG bazarda yeni iştirakçı olsa da, arxamızda dünyanın ən böyük enerji təşkilatlarından biri olan ADNOC dayanır. XRG ADNOC-un beynəlxalq investisiya qoludur və şirkətin dəyəri 150 milyard ABŞ dollarından çoxdur. Bizim fəaliyyət modelimiz tərəfdaşlığa əsaslanır və Birləşmiş Ərəb Əmirliklərinin 50 ildən artıq müddətdə qurduğu etibarlı münasibətlər üzərində formalaşıb. Azərbaycan da daxil olmaqla beynəlxalq fəaliyyətimizi genişləndirərək yeni tərəfdaşlıqların qurulmasına xüsusi önəm veririk".
Oxu.Az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin XRG şirkətinin Azərbaycan üzrə ölkə meneceri Tolqa Demir 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən "Qaz sessiyası - bazarlar, nəqliyyat marşrutları və geopolitika" adlı panel sessiyada bildirib.
Onun sözlərinə görə, təbii qazla bağlı qlobal məqsədləri dörd qitəni əhatə edən, coğrafi baxımdan şaxələndirilmiş böyük portfel yaratmaqdır:
"Xəzər regionu bu baxımdan bizim üçün əsas strateji mərkəzlərdən biridir. Azərbaycanın bu portfeldə xüsusi əhəmiyyəti var, burada fəaliyyətimiz sürətlə genişlənir. Hazırda Cənub Qaz Dəhlizində 12.5 faiz pay əldə etmə prosesini başa çatdırmaq üzrəyik. Bu layihə Azərbaycanı Türkiyə və Avropa ilə birləşdirən, 3 min kilometrdən artıq uzunluğa malik strateji enerji dəhlizidir və hər il 25 milyard kubmetrdən çox qaz nəql edir. Sözügedən proyektin bir hissəsi olmaqdan qürur duyuruq. Dünən isə daha bir vacib addım atdıq. SOCAR, "TotalEnergies" və BOTAŞ ilə birlikdə qaz satışına dair müqavilə imzaladıq. Bu sənəd yekun investisiya qərarına aparan yolda mühüm mərhələ hesab olunur. Bütün bu investisiyalarda yanaşmamız dəyişməz qalır: intizam və dayanıqlılıq strategiyamızın əsasını təşkil edir. Biz uzunmüddətli perspektivdə yüksək keyfiyyətli aktivlərə sərmayə yatıraraq davamlı dəyər yaratmağa çalışırıq".