Tovuz rayonunun Əlibəyli kəndi ərazisində leysan yağışları nəticəsində qəzalı vəziyyətə düşən körpü bərpa edilib.
Sözügedən körpü 17 km uzunluğunda olan Hacallı - Təpəbaşı avtomobil yolunun 5-ci km-də Tovuz çayı üzərində yerləşir. 2 aşırımlı dəmir-beton konstruksiyalı körpünün uzunluğu 27 metr, eni isə 7 metrdir.
Bu barədə “Azəravtoyol” ASC-dən Oxu.Az- bildirilib.
Aparılmış işlər zamanı körpünün kənar dayaqları bərpa edilib, bünövrəsinə beton məhlul tökülərək bərkidilib, yeni su tənzimləyici qurğular inşa edilib. Bundan başqa körpünün yanaşma yollarında da bərpa işləri aparılıb, yeni asfalt-beton örtüyü döşənib.
Körpünün hərəkət hissəsi də əsaslı şəkildə bərpa olunaraq asfatlanıb, hər iki tərəfdə monolit betonla təkərqaytaranlar inşa edilib və yeni mühəccərlər quraşdırılıb.
Qeyd edək ki, bu ilin yaz-yay aylarında yağan leysan yağışlarının çaylarda suyun səviyyəsini artırması nəticəsində Tovuz çayı üzərində yerləşən avtomobil körpüsünün dayaqları və sutənzimləyici qurğuları yuyularaq qəza vəziyyətinə düşmüşdür.
Ülviyyə R. Əli
www.oxu.az