"TRIPP+ şirkəti TRIPP layihəsinə alternativ deyil, yalnız ona xidmət göstərmək məqsədilə təsis edilir".
Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin xarici işlər naziri Ararat Mirzoyan hökumətin iclası zamanı bildirib.
İyulun 16-da Ermənistan hökuməti TRIPP nəqliyyat layihəsinin icrasına dair çərçivə sazişinin ratifikasiyası layihəsini təsdiqləyib.
Sənəd Ermənistanın Konstitusiya Məhkəməsinə təqdim olunacaq və orada hökuməti Mirzoyanın müavinlərindən biri təmsil edəcək.
XİN rəhbəri qeyd edib ki, layihənin həyata keçirilməsi üçün Ermənistan-ABŞ birgə müəssisəsi olan "TRIPP Development Company" yaradılıb. Onun təsisçiləri qismində Ermənistan hökuməti və ABŞ tərəfindən "TRIPP Development Company US" çıxış edirlər.
Mirzoyanın sözlərinə görə, danışıqlar prosesində ABŞ tərəfi öz hökumətlərinin şirkətin birbaşa təsisçisi ola bilməyəcəyini diqqətə çatdırıb.
Nazir bildirib ki, TRIPP+ şirkəti layihənin müşayiəti və ona investisiyalar cəlb etmək üçün formalaşdırılır, yəni "TRIPP Development Company" üçün xidmətedici funksiyanı yerinə yetirəcək.
Erməni diplomat xatırladıb ki, müqaviləyə əsasən, "TRIPP Development Company" Meğri bölgəsində (eləcə də layihənin icrası üçün tələb olunan Ermənistan ərazisindəki digər zonalarda) 49 il müddətinə torpaqdan istifadə və obyektlərin inşası hüququnu əldə edəcək. Layihədə səhmlərin 74%-i ABŞ tərəfinə, 26%-i isə Ermənistan hökumətinə məxsus olacaq. 49 illik müddət başa çatdıqdan sonra tərəflərin razılığı ilə müqavilənin müddəti daha 50 il uzadıla bilər. Belə olan halda heç bir əlavə öhdəlik olmadan Ermənistanın layihədəki payı 49%-ə qədər artacaq.
Layihənin icrası ilə bağlı çərçivə sazişinə əsasən Ermənistan dövlət sərhədi, sərhəd nəzarəti, ölkə daxilində hüquq-mühafizə orqanlarının fəaliyyəti, həmçinin gömrük və miqrasiya yoxlanışları üzərində tam suverenliyini qoruyub saxlayacaq.
Mirzoyan həmçinin xatırladıb ki, saziş mayın 26-da İrəvanda onun özü və ABŞ-nin dövlət katibi Marko Rubio tərəfindən paraflanıb. Bir neçə gün sonra - iyunun 1-i və 4-də isə sənəd Vaşinqtonda və İrəvanda imzalanıb. Ermənistanın XİN başçısı əlavə edib ki, tərəflərin qanunvericiliyinə əsasən məsafədən və qeyri-sinxron imzalama məqbul sayılır.
TRIPP üzrə sənədlərin tam paketinin hazırlanması üçün yalnız iki sənədin - səhmdarlar arasında müqavilənin və "TRIPP Development Company"nin nizamnaməsinin imzalanması qalıb.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan münasibətlərin sülh yolu ilə nizamlanması və Naxçıvanla Azərbaycanın digər hissələri arasında nəqliyyat əlaqələrinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar.
Bu layihə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanır.