Yanvarın 28-də “Ümid” yatağındakı 1 saylı platformadan 6309 metr dərinliyə qazılmış 12 saylı kəşfiyyat quyusu sutkalıq 800 000 kubmetr qaz və 200 ton kondensat hasilatı ilə istismara verilib.
Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Məlumata görə, hazırda hasil edilən məhsul sualtı boru kəmərləri vasitəsilə sahilə nəql olunur.
Məlumatda deyilir ki, uzunmüddətli və təhlükəsiz istismar işlərinin aparılması məqsədi ilə quyu dünyanın “Schlumberger”, “Wheathford”, “Hlliburton” kimi aparıcı şirkətlərinin quyuağzı və quyuiçi avadanlıqları ilə təchiz edilib.
Qeyd edək ki, “Ümid” yatağı Bakı şəhərindən cənuba doğru 60 kilometrlik məsafədə, açıq dənizdə, suyun 60 metr dərinliyi olan hissədə yerləşir.
Hazırda istismarda olan 1 saylı platforma 2009-cu ildə ARDNŞ-nin daxili imkanları hesabına tikilərək quraşdırılıb.
Platformadan 10 saylı quyu 2012-ci ilin sentyabr ayında istismara verilib.
Gələcəkdə platformadan daha 3 istismar quyusunun qazılması nəzərdə tutulur.
Gülnarə Zeynalova
www.oxu.az