Azərbaycanın ən böyük mobil telefon satıcıları olan World Telecom, Mobitel, İntegral şirkətləri Azercell Telecom ilə əməkdaşlığı dayandıraraq, Azerfon şirkəti ilə (Nar ticarət nişanı) əməkdaşlığa başlayıblar.
Oxu.Az xəbər verir ki, ilk dəfə bu barədə aprelin 7-də Azerfon-un prezidenti Kent Maknili şirkətin rebrendinqi və yeni loqosunun təqdim olunması mərasimində çıxışı zamanı bildirmişdi.
Öz növbəsində Azerfon-un mətbuat xidmətinin rəhbəri Nigar Arpadarai bu məlumatı təsdiqləyərək, World Telecom, Mobitel, İntegral şirkətlərinin “Nar” ilə əməkdaşlığa başladığını vurğulayıb.
Əlaqə saxladığımız World Telecom şirkətindən bildiriblər ki, Azerfon ilə əməkdaşlıq mayın 1-dən başlayacaq.
Mobitel və İntegral-dan məsələ ilə bağlı rəy öyrənmək mümkün olmasa da, hazırda həmin mobil telefon satışı üzrə şirkətlərin rəsmi saytlarında Azerfon-un, “Nar” ticarət nişanının reklamını müşahidə etmək olar.
Qeyd edək ki, uzun illər adı çəkilən şirkətlər Azercell ilə əməkdaşlıq edirdilər. Həmin telefon mağazalarında yalnız Azercell-in SİM-kartları satılırdı.