Azərbaycanın pivə brendi olan “Xırdalan” qida məhsullarının istehsalında keyfiyyət üzrə beynəlxalq mükafata layiq görülüb.
“International Food and Beverages quality award” mükafatı İspaniyanın tanınmış biznes assosiasiyası olan Global Trade Leaders’ Club tərəfindən təsis olunub.
Beynəlxalq ticarət liderləri klubunun (Global Trade Leaders’ Club) əsas məqsədi müxtəlif ölkələrdən olan və mötəbər mükafatlara layiq görülmüş biznes qurumlarının arasında ittifaq təşkil etməkdir.
Bu kluba 95 ölkədən 7500-dən artıq şirkət üzvdür.
““Xırdalan” brendi ilk öncə beynəlxalq qida sərgilərində öz aktiv iştirakı ilə bizim diqqətimizi çəkdi. Bizim seçimimizin əsas amili bu içkinin istehsalında qabaqcıl texnologiyaların və yüksək keyfiyyətli inqredientlərin istifadəsidir” - Beynəlxalq ticarət liderləri klubunun rəhbəri Rikkardo Rosa qeyd edib.
Xatırladaq ki, “Xırdalan” 1999-cu ildən istehsal olunur. Bu pivənin ərsəyə gəlməsində yalnız təbii alman mayaotu, şollar suyu və seçilmiş arpa səmənisindən istifadə olunur. Bu brend tarix boyunca bir sıra beynəlxalq və yerli mükafatlara layiq görülüb.
2015-ci ildə alkoqollu içkilər ilə əlaqədar məşhur ABŞ saytı olan vinepair.com tərəfindən dünyanın ilk pivə xəritəsində “Xırdalan” pivəsi Azərbaycanın ən məşhur pivə brendi seçilib.