Aprelin 1-dən etibarən ölkədə Avro-4 standartları tətbiq olunmağa başlayıb.
Avro-4-ün tətbiqindən sonra yanacaqdoldurma məntəqələrində standartlara cavab verən benzinin satışına başlanıldı. Təbii ki, yeni “Premium Avro-95” və “Super Avro-98 markalı benzinlər Azərbaycanda istehsal olunmadığından həmin yanacaq ölkəyə xaricdən idxal olunur.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, yanacaqdoldurma məntəqələrinin sözügedən markalı benzini hansı ölkədən alması ilə sayt maraqlanıb.
“Azpetrol” Ltd-nin mətbuat xidmətinin rəhbəri Camal Zeynalov hazırda “Premium Avro-95”-i Rusiyadan aldıqlarını bildirdi. Onun sözlərinə görə, “Super Avro-98” markalı benzin isə alınmır:
“Hələlik onun istehsalı yoxdur”.
Şirkət sözçüsü onu da bildirdi ki, gələcəkdə həmin markalı yanacağın Rumıniyadan alınması nəzərdə tutulub.
“LUKOYL-Azərbaycan” QSC-nin mətbuat xidmətindən isə qeyd etdilər ki, hazırda şirkətə məxsus yanacaqdoldurma məntəqələrində Aİ-95 markalı benzinin müvəqqəti olaraq 80 qəpiyə satışı davam edir. “LUKOYL-Azərbaycan” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində satılan bütün növ benzinlər Bakı Neft Emalı zavodu tərəfindən istehsal olunmuş məhsullardır.
Qeyd edək ki, ümumilikdə 95 və daha yüksək oktanlı avtomobil benzinlərinin ölkədaxili istehlakda payı təqribən 10% təşkil edir və bu yüksək oktanlı benzinlərdən istehsal və xidmət sahələrində demək olar ki, istifadə olunmur.