Növbəti dərs ilinin başlamasına 1 həftə vaxt qalıb. Elə buna görə də, Bakının məktəb ləvazimatlarının satışı ilə məşğul olan mağazalarında valideyn və şagirdlərin çoxluğunun şahidi olmaq olar.
Belə demək mümkünsə mağazalarda adam əlindən tərpənmək olmur. Elə alıcıların bu təlaşını satıcılar da yaşayır, onlar da əllərində olan malları tez bir zamanda satıb bitirməyi, yeni mövsüm üçün yeni ləvazimatlar gətirməyi planlayıblar.
Oxu.Az-ın əməkdaşı Bakının müxtəlif yerlərində yerləşən mağazalarında olub. Bir nəfər şagirdin çantasını doldurmaq neçəyə başa gələ bilər, bunu araşdırıb.
Ən maraqlısı budur ki, qiymətlər “28 May” metrostansiyasının yaxınlığında yerləşən ticarət mərkəzində bir qədər ucuz olsa da, “Nizami” metrosunun yaxınlığında yerləşən mağazalarda isə daha baha idi. Satıcılar isə bunu ticarət mərkəzlərində satılan ləvazimatlardan fərqli olaraq keyfiyyətli olması ilə əsaslandırıblar.
Alıcılar isə yeni dərs ili üçün çox da məsrəfə girməyə tələsməyib, elə ucuz yoldan bu ili qarşılamaq niyyətindədir.
Əməkdaşımızın “Beşmərtəbə” adlanan ərazidə yerləşən mağazada müşahidələri göstərib ki, belə mağazaların alıcıları da çox olmur.
Amma satıcılar isə belə dükanların da öz alıcısı olduğunu qeyd edib.
Mövzunun aktuallığını nəzərə alaraq, başlayaq çantaların qiymətindən...
Bakının ticarət mərkəzlərində çantaların qiyməti 15, 18, 25 manat arasında dəyişsə də, digər bir yerdə qiymətlər qeyd etdiyimiz kimi daha bahadır.
Bu cür mağazalarda ən ucuz çantanın qiyməti 25 manat, ən bahalısının isə 45, 80 manatdır.
Bundan başqa, “28 May” metrostansiyasının yaxınlığında yerləşən ticarət mərkəzində:
1. Rəngli karandaşlar 1 manat 50 qəpik, 5 manat
2. Rəsm dəftəri (12 vərəq) 50 qəpik
3. Qələmlər 10, 20, 30 qəpik
4. Dəftər 20, 30, 50 qəpik( vərəqlərin sayından asılı olaraq)
5. Dəftər üzləri 15 qəpik
6. Suqabı 4 manat
7. İş dəftərləri müxtəlif fənnlər üzrə 2 manat 50 qəpik, 3 manat, 4 manatdır.
“Beşmərtəbə” adlanan ərazidə
1. Qələmlər 30, 50, 70, 80 qəpik
2. Pozan 2 manat 80 qəpik
3. Ən ucuz qələmsoyanın qiyməti 20 qəpik
4. 100 vərəqli dəftər 1 manat 50 qəpik
5. Sadə karandaş 70 qəpik, 90 qəpik
6. Rəngli karandaş 1 manat 70 qəpik, 2 manat, 5 manat 20 qəpik
7. Sadə karandaş ən ucuzu 30 qəpik
Onu da əlavə edək ki, Bakının “28 may” metrostansiyası ilə üzbəüz yerləşən mağazalarının birində digər yerlərdə olduğu kimi qiymətlər məktəb ləvazimatlarının üstündə əks olunmamışdı. Düşünmək olar ki, bəzi işbazlar tələbatın çox olduğunu nəzərə alaraq, qiymətləri süni olaraq qaldırıblar. Elə buna görədir ki, əməkdaşımızı qiymətlər ilə əlaqədar monitorinq aparmağa qoymayıblar.
Qeyd edək ki, ümumi qiymətlərin analizi göstərir ki, bir şagirdi yeni dərs ilinə hazırlamaq valideynlərin büdcəsindən təxminən 150 manat (məktəbli formalarının qiymətini də əlavə etsək) aparır.
Nə qədər qəribə səslənsə də, valideynlərdən bir neçəsi isə Oxu.Az-a bildirib ki, əslində onların 150 manat deyil, 500 manat xərci çıxacaq.
Ülviyyə R. Əli
www.oxu.az