Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Zədələnmiş, cırılmış, ləkəli pullar: Onları necə dəyişək? - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanda kağız pul nişanlarının yararsız hesab olunması üçün müəyyənləşdirilmiş kriteriyalardan beş faizə qədər kənarlaşma olduqda nişan yararsız hesab ediləcək. İndiyə qədər bu halda nişan tədavülə yararlı hesab olunurdu.
Eyni zamanda, ön və yaxud arxa tərəfində kimyəvi təsir nəticəsində rəngini dəyişmiş, çirklənmiş və ya korroziyaya məruz qalmış, eləcə də fiziki deformasiyaya uğramış (əzilmə, deşilmə və s.), hissələrə ayrılmış və ya hər hansı bir hissəsi itirilmiş və yanmış, cilalanmış, hansısa kənar təsir nəticəsində vizual görünüşünü itirmiş, lakin nominalı aydın görünən metal pul nişanları da yararsız hesab ediləcək.
Təbii ki, bir çox şəxslərdə zədələnmiş, cırılmış pullar olur. Bəzən cırılan pulun bir hissəsi də itir.
Bəs zədələnmiş pullarımızı necə dəyişək? Hansı halda Mərkəzi Bank vətəndaşdan pulu qəbul edib, dəyişə bilər, hansı hallarda bu mümkün deyil?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Zədəli pullar, beş faiz kriteriya...
Hüquqşünas Nicat Ələkbərzadə açıqlamasında bildirib ki, pul əsginasları tez-tez kənar təsirlərə məruz qalaraq istifadəyə yararsız hala düşürlər, bəzi hallarda isə zədənin təsirindən rəqəmlər belə oxunmur: “Qanunvericilikdə cırıq, zədəli və ləkəli şəkildə olan pul nişanlarının tədavülü ilə bağlı tələblər mövcuddur. Qəbul edilən son dəyişikliyə əsasən, Azərbaycanda kağız pul nişanlarının yararsız hesab olunması üçün müəyyənləşdirilmiş kriteriyalardan beş faizə qədər kənarlaşma olduqda nişan yararsız hesab ediləcək. İndiyə qədər bu halda nişan tədavülə yararlı hesab olunurdu.
Mövcud qanunvericiliyə əsasən, yararsız milli pul nişanları dəyişdirilməsi üçün banklara və ya Mərkəzi Banka təqdim edilə bilər. Pulların dəyişdirilməsi onların həqiqiliyinin və nominal dəyərinin ödənilməsi yoxlanılmaqla həyata keçirilir. Milli pul nişanlarının dəyişdirilməsi əməliyyatları bankların və Mərkəzi Bankın daxili reqlamenti ilə müəyyən edilmiş iş saatlarında həyata keçirilir. Həmin vaxt ərzində dəyişdirilməyən pul nişanları təqdim edən şəxsə qaytarılır”.
Korlanmış pulla bağlı ekspert rəyi necə verilir?
“Təqdim edilmiş və saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60%-dən az olmayan hissəsinin və ya eyni pul nişanına məxsus hissələrdən ibarət səthinin 100%-ni saxlamış kağız pul nişanlarının, habelə saxta olmayan, səthini 100% saxlamış, ön, arxa və kənar haşiyəsinin təsvir və yazıları silinmə və ya deformasiyaya uğramamış metal pul nişanlarının nominal dəyəri ödənilir. Bundan əlavə, milli pul nişanlarının saxta olması və ya səthinin 100%-ni saxlamış pul nişanının hissələrinin eyni pul nişanına məxsus olması barədə ekspert rəyi Mərkəzi Bank tərəfindən verilir”, - deyə hüquqşünas əlavə edib.
Köhnə pullar və qoyulan tarix
N.Ələkbərzadə vurğulayıb ki, Mərkəzi Bank xüsusi qablaşdırma vahidlərində tədavülə yararsız hala düşmüş kağız milli pul nişanlarını ekspertizaya yalnız banklardan qəbul edir: “Köhnə pulları da müraciət əsasında dəyişdirmək mümkündür. Ümumiyyətlə, pullar dövriyyədən tədricən, müəyyən zamanla çıxarılır və ya son dəyişdirmə tarixi qoyulur ki, bu tarixədək dəyişmək mümkün olsun”.
Qeyd edək ki, Mərkəzi Bankın Bakı şəhərində “Nağd pul ofisi” çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri saat 10:00-dan 13:00-dək fəaliyyət göstərir.
60 faiz tələbi
İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, zədələnmiş pulların dəyişdirilməsi üçün müəyyən tələblər var. Əgər bu şərtlər pozulmayıbsa, əsginasları asanlıqla dəyişmək olar: “Həmin tələblərdən əsas biri pulun səthinin 60 faizinin sağlam olmasıdır. Eyni zamanda, üzərindəki seriyalardan biri oxunursa, pullar dəyişdirilir. Burada 60 faiz mütləqdir. Çünki şərtdə 60 faiz həddinin müəyyənləşdirilməsinin səbəbi var. Əgər 50, 40, 30 və daha aşağı rəqəmlər olarsa, o zaman vətəndaş digər zədəli qalan parça ilə ikinci dəfə eyni məbləği ala bilər. 60 faiz ilə verilmə avtomatik olaraq 40 faizin istifadəyə yararsız olması deməkdir. Bu proses Mərkəzi Bankın “Nağd pul ofisi”ndə reallaşır. Bölgələrdə də bu ofislər fəaliyyət göstərir”.
Ekspert pulun 60 faizinin nəyə əsasən hesablablanmasına da aydınlıq gətirib: “200 damadan ibarət bir ölçü vahidi var ki, onun üzərinə pulu yerləşdirərək neçə faizinin zədəli olub-olmamasını bilmək olur”.
Bəs digər banklar?
“Bəs digər kommersiya bankları zədələnmiş pulları dəyişə bilərmi?” sualına cavab olaraq ekspert qeyd edib ki, bank bunu dəyişə də, dəyişməyə də bilər: “Çünki kommersiya banklarının belə bir öhdəliyi yoxdur”.