09 iyun 2014-cü il tarixdə Nəqliyyat Nazirliyində Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyindən verilən məlumata görə, görüş zamanı nazir Ziya Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yol-nəqliyyat kompleksində aparılan islahatlardan, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışıb, nəqliyyat sahəsində görülən nəhəng işlər barədə ətraflı məlumat verib.
Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən nazir bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulayıb.
Nazir Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında, eləcə də Dəmir yolunun inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində görülən işlər, yeni vaqonların və lokomotivlərin alınması, beynəlxalq standartlara uyğun yeni yolların çəkilməsi, mövcud yolların yenidən qurulması, həmçinin sərnişin və yük daşınmaları sahəsində görülən işlərdən danışıb və Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin artıq yekunlaşdırılmaq üzrə olması barədə ətraflı məlumat verib.
Öz növbəsində Vençay Janq AİB ilə ölkəmiz arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu vurğulayıb. Tərəflər bu mövzuda qarşılıqlı fikir mübadiləsi aparıblar, Asiya İnkişaf Bankı ilə nəqliyyat-yol kompleksinin bütün sahələri üzrə əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyi barədə razılığa gəliblər.


Gülnarə Zeynalova
www.oxu.az