Tovuz rayonu, Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanın qətli ilə bağlı “YouTube”da yayılan səs yazısı əməliyyat istintaq qrupuna təhvil verilib.
Bu barədə Oxu.Az-a Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Qeyd edək ki, internetdə yayılan səs yazısında anonim müəllif qızın qətlində bu hadisə ilə bağlı tutulan 47 yaşlı İlkin Süleymanovun deyil, həmkəndlisi A.A.-nın günahkar olduğunu deyir.
Anonim müəllif qeyd edir ki, kənd sakinlərinin 80 faizi bunu bilir, lakin qisasdan qorxduqları üçün susurlar. Onun sözlərinə görə, həmin şəxsin qardaşı və kürəkəni daxili işlər orqanlarında xidmət edir və yüksək vəzifə tuturlar.
Anonim müəllif qızın nənəsigilə gedəndə A.A. tərəfindən qaçırıldığını və qurbanı boş bir evin zirzəmisində saxlanıldığını deyib. Onun iddiasına görə, sonradan həmin yerdə qızın qan izlərinə rast gəlinib. O, həmçinin oğurlanan qıza təcavüz edildiyini iddia edir.
Daha sonra mənbə qətlə yetirilən Nərminin cəsədinin A.A. tərəfindən yandırdığına şahid olan kəndlilərin olduğunu deyir və onların konkret adlarını çəkir.
Baş Prokurorluq səs yazısının araşdırılmalı olduğunu bildirərək, bu məlumatı hələ şərh etməyib.
Xatırladaq ki, Nərmin Quliyeva ötən il noyabrın 21-də qonşularında toy mərasimi zamanı qaçırılmışdı. O, yanvarın 6-da yaşadığı evin yaxınlığında öldürülmüş və yandırılmış halda tapılmışdı. Qonşulara və polisə qızın cəsədinin tapılması barədə ilk məlumat verən İ.Süleymanov olub.
İ.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci (qəsdən adam öldürmə) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham olunur.
10 yaşlı Nərminin öldürülməsi barədə anonim səs yazısı istintaqa təhvil verilib - AUDİO
Rəylər