Ağdaş rayonunun Aşağı Qobuüstü kəndi ərazisində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüat məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə bizim.media-ya mərhumun oğlu Mehman Əbilov məlumat verib.
O, bildirib ki, hadisədən səhər saatlarında xəbər tutub:
"Səhər mənə zəng gəldi ki dur özünü tez bura çatdır. Durub getdik, gördük ki, anamın meyiti yolun ortasında qalıb.
Qardaşım içkili anlaqsız vəziyyətdə olub. Necə olubsa, bilmirəm, anamı öldürüb. Əvvəllər hər içəndə söz söhbət edən idi, indi bilmirik necə olub. Evdə ana-bala ikisi olub. Hələ də şokdayıq...
Qardaşım həyat yoldaşını Ağdaşa anasıgilə aparıb qoyub və gəlib. Axşam da evdə olub. Anam da bacısıgilə gedib, sonra evə gəlib. Gecə də bu hadisə baş verib. Anam onun əlindən qaçmaq istəyib, lakin qardaşım anamı küçədə vurub öldürüb. Qardaşım evlidir, üç uşağı var. Evin sonbeşiyi idi anam da onunla yaşayırdı", - deyə M.Əbilov bildirib.
Martın 23-də Ağdaş rayonunun Aşağı Qobuüstü kəndi ərazisində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Ağdaş Rayon Prokurorluğunun məlumatında bildirilib.
Qeyd edilib ki, ilkin araşdırmalarla Anaxanım Əbilovanın 1989-cu il təvəllüdlü Rahib Əbilov tərəfindən qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, R.Əbilov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Martın 23-də saat 6 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.
Oxu.Az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 37 yaşlı Rahib Əbilov saxlanılıb. R.Əbilov qətlə yetirilən qadının oğludur.
Faktla bağlı araşdırma aparılır.