Sumqayıt şəhərində 1993-cü il təvəllüdlü Faiq şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Naziləni (adlar şərti verilib – red.) öldürüb.
Telegraf.com-un əldə etdiyi məlumata görə, Faiq 26 iyun 2023-cü ildə saat 09.00-da yaşadığı Sumqayıt şəhəri, Beton zavod ərazisində olan evində olarkən boşanmaq səbəbi ilə aralarında tez-tez mübahisə yaranmış arvadı, 1987-ci il təvəllüdlü Nazilə ilə yenə də həmin mövzuda mübahisə edib.
Faiq qəti şəkildə boşanmaq istədiyini başa düşdükdən sonra Naziləni öldürmək qərarına gəlib. O, mübahisə etdikləri qonaq otağında divanda əyləşən Nazilənin yanına gəlib, onları ancaq ölümün ayıra biləcəyini söyləyib. Qarşısında olan jurnal masasının üzərindən götürdüyü bıçaqla Naziləyə qışqırıq və yalvarışlarına məhəl qoymadan zərbələr vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.
İstintaq orqanı tərəfindən Faiqin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 1993-cü ildə Cəlilabad rayonunda anadan olub:
“Atam Vidadi zootexnik, anam Gülgəz əvvəl dərzi işləyib. Qardaşım 44 günlük Vətən müharibəsində şəhid olub. 2019-cu ildə Nazilə ilə sevib evlənmişəm. Həmin vaxt mən də, Nazilə də Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyində bağ fəhləsi işləmişik. Koronavirus pandemiyasına təsadüf etdiyinə görə toyumuz olmasa da, rəsmi nikah bağlamışıq. Valideynlərim mənim evlənməyimə müsbət münasibət göstərib.
Evləndikdən sonra arvadım Nazilə ilə birlikdə Cəlilabad rayonunun kəndində yaşayan valideynlərimin yanında yaşamışıq.
Üç-dörd ay qaldıqdan sonra işləmək üçün Bakı şəhərinə gəldik. Pandemiyaya görə qadınlar işə çağırılmadığından Nazilə işə getmədi. Mən Bakı şəhərinə işləmək üçün gəldikdə Nazilə Cəlilabadda qaldı. Nazilə Cəlilabad rayonunda qalmağa razılaşmadığından aramızda mübahisə yarandı”.
Faiq qeyd edib ki, həmin ərəfədə qaynanası Zəminə Sumqayıtda Beton Zavod ərazisində 22 000 manata ev alıb: “Qaynanam həmin evi nəvəsi, yəni mənim qızım Samirəyə hədiyyə verəcəyini bildirdi. Nazilə Cəlilabad rayonundan Beton Zavod ərazisindəki evə köçdü. Burada iki ay qaldıqdan sonra Nazilə ilə anası Zəminənin arasında mübahisə yarandı.
Arvadım stomatoloqun tövsiyə etdiyi diş qapağını taxmadığına görə anası Zəminənin iradlarını qəbul etmədi və mübahisənin səbəbi də bu oldu. Qayınanam Zəminənin yersiz müdaxiləsi ilə razılaşmadığıma görə o, arvadımı və məni evdən qovdu. Burada qaldığım müddətdə, 2020-ci ildə birgə nikahımızdan Samirə adlı qızımız doğulub.
Qaynanam məni qovduqdan sonra aylıq 100 manat kirayə haqqı müqabilində Bakı şəhərinin Böyükşor ərazisində marketlərin birində yanında həyət evini kirayə götürdüm. Burada bir il kirayə yaşadıq. Bu müddətdə arvadımla heç bir mübahisəsimiz olmadı”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2023-cü ilin mart-aprel ayında qayınanası Zəminə arvadı Naziləni Sumqayıt şəhərindəki evə aparıb: “Bundan sonra Nazilə anası Zəminənin təkidi ilə boşanmaqla bağlı müraciət edib.
Nazilə əvvəlcə anası ilə həmfikir olsa da, sonradan boşanmaqla bağlı müraciətini geri götürdü. Müraciətini geri götürdükdən sonra mediasiya arayışını 31 mart 2023-cü il tarixdə cırdı, mənə boşanmayacağını dedi. Biz barışdıq, bundan sonra da Sumqayıt şəhəri, Beton Zavod ərazisindəki evə gələrək yaşamağa başladıq.
Təxminən iyun ayının əvvəllərində iş yerimi dəyişdim və Sumqayıt kauçuk zavodunda fəhlə işləməyə başladım. Mən iş yerimi dəyişdikdən sonra Nazilənin münasibəti mənimlə yenidən pozulmağa başladı. Mənim 900 manat əməkhaqqı aldığım işi dəyişməyimə əsəbiləşdi.
Kauçuk zavodda işim növbəli idi. Yəni, iki gün gündüz, iki gün gecə növbəsi olmaqla, iki gün də istirahət edirdim”.
Faiq qeyd edib ki, iyunun 26-da gecə növbəsindən çıxıb, saat 09.00-da evə gəlib: “Arvadım Nazilə ilə qızım Samirə evdə idi. Həmin ərəfədə Nazilənin anası Zəminə də bizimlə qalırdı. Ancaq işə getdiyi üçün evdə deyildi.
Yaşadığım evdə qayınanamın qalması mənə xoş gəlmirdi. Bu səbəbdən Nazilədən Zəminənin nə vaxt evdən köçəcəyini soruşdum. “Bu evdən çıxacaq biri varsa, o da sənsən” sözlərini dedi. Yenidən mübahisələrimiz başladı. Nazilə mənim paltarlarımı qara rəngli sellofan torbaya yığdı, evin giriş qapısının ağzına içəri tərəfdən qoydu. Aramızda dava-dalaş oldu.
Nazilənin məni evdən qovmasını, belə cavab verməsini qəbul edə bilmədim. Ondan neçə dəfə sakitləşməsini tələb etsəm də, qışqırtı ilə məndən boşanmaq istədiyini söylədi. Söyüş-qarğışla evdən çıxmağımı tələb etdi. Mən isə Naziləyə sakitləşmək üçün bir saat vaxt verdiyimi, fikrindən daşınmayacağı təqdirdə onu öldürəcəyimi söylədim.
Nazilə fikrindən daşınmadığı üçün onun üzərinə gedərək otaqdakı jurnal masasının üzərindən bıçağı götürdüm. Əvvəlcə sinəsindən bir-iki dəfə vurdum. Zərbənin təsirindən Nazilə üzü üstə divanın qarşısında yerə yıxıldı. Yerə yıxıldıqdan sonra boğazından vurdum. Üzü üstə çevirib yenidən boğazından vurmağa başladım. Nazilənin boğazına səkkiz-doqquz dəfə bıçaqla vurdum. Hirsimdən bıçağı divanın qarşısına atdım. Sonra sifətinə də sağ yumruğumla bir dəfə vurdum. Bıçaqla vuranda xırıldadı, “öldür məni, anamın da, sənin də əlindən canım qurtulsun”, - dedi.
Nazilə ilə mübahisəmiz təxminən 30 dəqiqə çəkdi. Bu müddətdə qızım Samirə həyətdə oynadığından Naziləni öldürməyimi qızım görmədi. Mənim Naziləni öldürməyimi ümumiyyətlə heç kim görməyib.
Nazilənin tamamilə nəfəsi kəsildikdən və öldüyündən əmin olduqdan sonra uşağın beşiyi olan otaqdan yaşıl rəngli mələfəni boğaz tərəfinə sıxdım. Divanın üzlüyünü də meyitin üstünə sərdim. Öz hərəkətimdən peşman oldum və cinayəti etiraf etmək qərarına gəldim.
Əvvəlcə uşağın beşiyi olan otaqdan arvadım Nazilənin şəxsiyyət vəsiqəsini çıxararaq, vəsiqəni pəncərinin qarşısına qoydum. Özümə məxsus pulqabını da eyni otaqdan tapdım.
Daha sonra özümü itirib sənədləri də götürmədən evdən çıxdım, qızım Samirəni də götürərək Cəlilabad rayonuna getdim. Arvadımı öldürməyim barədə heç kimə məlumat vermədim. Heç kimlə də zəng edib telefon əlaqəsi saxlamadım. Cəlilabad rayonuna saat 15:00-da çatdım. Qızımı valideynlərimin yanına qoydum. Atama təklikdə Naziləni öldürdüyümü deyərək Cəlilabad Rayon Polis Şöbəsinə gedərək könüllü təslim oldum”.
İş üzrə zərərçəkmiş Nazilənin hüquqi varisi, anası Zəminənin sözlərinə görə, Faiq evləndikdən sonra qızının adına banklardan kredit götürüb: “Həmin kreditləri də mən ödəmişəm. Betonzavod ərazisində yaşadıqları vaxt onların ailəsinə baxmışam. Hadisənin şahidi olmamışam. Həmin gün işə getmişəm. Sonra digər qızımgilə gəlmişəm. Çiyələk və başqa meyvələrdən almışdım ki, bişirib qızımgilə aparım. Həm də fikirləşdim ki, Faiq işdən gəlib, qoy rahat yatsın, axşamüstü onlara gedərəm.
Saat dörd olardı, polisdən zəng edib dedilər ki, evə gəl. Fikirləşdim ki, polislər yəqin sayğaca görə evə çağırırlar. Çünki həmin ərəfədə sayğaca müdaxilə ilə bağlı məhkəmə işi var idi. Gələndə gördüm, evdə çox sayda polis var. Məni hadisə yerinin lap yaxınına buraxmasalar da, qızımın öldüyünü gördüm. Orada bildim ki, Faiq qızımı öldürüb.
Qızım çox tərbiyəli idi. Onun guya nalayiq təhqiredici ifadələr işlətməsini təqsirləndirilən şəxs yalandan deyir. Faiq qızıma yaxın getməyimə aman vermirdi. Qızımı istismar edirdi. Hələ metronun “Koroğlu” stansiyası yaxınlığında yaşadıqları zaman qızımın bizə gedib-gəlməsinə icazə vermirdi”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Faiq 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Rəylər