Azov dənizində Panama bayrağı altında üzən Mani teploxodunda azərbaycanlı ukraynalı matrosun boğazına bıçaq xəsarəti yetirib. Aldığı bıçaq yarasından ukraynalı gəminin göyərtəsində keçinib.
Oxu.Az “Kuban 24”ə istinadən xəbər verir ki, bu barədə Novex Marine agent-şirkətinin direktoru Vladimir Fefelov bildirib.
“Qafqaz limanının yaxınlığında yerləşən Mani teploxodunda komanda heyətinin üzvünün ölümü ilə nəticələnən hadisə baş verib. Ölən şəxs 20 yaşlı matros, Ukrayna vətəndaşıdır, ona boğaz nahiyəsindən bıçaq zərbəsi vurublar”, - Fefelov bildirib.
O, dəqiqləşdirib ki, ilkin məlumata görə, hadisənin səbəbkarı azərbaycanlı matros olub.
Qeyd etmək lazımdır ki, faciə yanvarın 10-da baş verib, həmkarlar gəmiyə təcili yardım çağırsalar da zərərçəkəni xilas etmək mümkün olmayıb.
Hal-hazırda istintaq orqanları baş verənlərin təfərrüatlarını aydınlaşdırırlar.