İyunun 27-də Rusiya DİN Sredneaxtubinsk rayonu üzrə polis bölməsinə Bobrı xutoru yaxınlığında istirahət edən iki volqoqradlı müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya DİN Volqoqrad vilayəti üzrə Baş idarənin saytında bildirilib.
Onlar bəyan ediblər ki, Volqa sahilində çimərlikdə dincəldikləri zaman sahildən 200 metr aralıda park edilmiş “Şkoda” markalı maşınları qarət edilib. Onlar istirahətlərini başa vurduqdan sonra evə yollanmağı qərara alıblar və bu zaman maşının pəncərəsinin sındırıldığını, maşından həm qadın, həm də kişi çantasının, eləcə də 2200 rubl götürüldüyünü aşkar ediblər.
İyun ayının 28-də cinayət axtarış şöbəsinin əməkdaşları qarətdə şübhəli bilinənlərin kimliyini müəyyən edərək saxlayıblar. Bu, iki xarici vətəndaş – 35 və 25 yaşlı Azərbaycan və Ermənistan vətəndaşları olub. Onlar oğurlanan əşyaları satmağa macal tapmayıblar. Şübhəli bilinən şəxslər əməllərini etiraf ediblər. Xarici vətəndaşlara qarşı cəzası beş ilə qədər azadlıqdan məhrum edilməsi nəzərdə tutulan “qarət” maddəsi üzrə cinayət işi açılıb, bu barədə Volqoqrad vilayəti üzrə Rusiya DİN Dİ mətbuat xidməti bildirib.