Daxili işlər orqanları əməkdaşları tərəfindən ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini Emin Abuşov 796 ədəd 100 dollarlıq saxta əsginası 49 min manata satmaq istəyərkən saxlanılıb.
Aparılmış tədbirlərlə ona saxta əsginasların Bakı şəhər sakini Vüqar Abbasov və Gürcüstan vətəndaşı Əli Rüstəmov tərəfindən verilməsi müəyyən edilib və hər iki şəxs polis əməkdaşları tərəfindən tutulub. Baxış zamanı Ə.Rüstəmovun üzərindən 2 ədəd, V.Abbasovdan isə 10 ədəd 100 dollarlıq saxta əsginas götürülüb.
Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb. Cinayətin digər iştirakçılarının da müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
13:05
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət axarış İdarəsinin əməkdaşları aparılan əməliyyat tədbirləri nəticəsində cinayət qrupunun üzvü – Beyləqan rayon sakini Emin Mirzə oğlu Abışevi (1980-ci il təvəllüdlü) saxlayıblar, ondan 79 600 dollar müsadirə edilib.
Oxu.Az xəbər verir ki, haqqin.az-a bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər.
Müəyyən edilib ki, saxta pulları Abışov manata dəyişməli idi. Bu ideya Azərbaycanda xarici valyuta, əsasən də dollar ilə yaranmış böhran fonunda yaranıb.
İstintaqın gedişatında müəyyən edilib ki, bundan istifadə edən paytaxt sakini Vüqar Vasif oğlu Abbasov (1976-cı il təvəllüdlü) və Gürcüstan vətəndaşı Əli Tahir oğlu Rüstəmov (1977-ci il təvvəllüdlü) İrandan Azərbaycana saxta dollarları qaçaqmalçılıq yolu ilə gətirilməsini təşkil ediblər.
Bunun üçün onlar Əmirağa adlı İran vətəndaşı ilə əlaqə qurublar. Yanvar ayının 29-da sonuncu Azərbaycan-İran sərhədindən pulları Astara ərazisinə keçirib.
Abbasov da, Rüstəmov da saxlanılıb. Onlardan axtarış zamanı 1100 saxta dollar müsadirə edilib.
Qeyd edək ki, İranda hazırlanan saxta dollarlar yaxşı keyfiyyəti ilə seçilir, onaları əsl dollardan ayırmaq çətindir.
Fakt üzrə istintaq davam edir.