Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, iyulun 19-na keçən gecə DİN-in “102 Zəng Mərkəzi”nə Qobustan qəsəbəsi ərazisində avtomobili qaçırılması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə gələn Qaradağ RPİ 11-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu müvafiq araşdırmalar aparıblar. Məlum olub ki, saat 01:00 radələrində Nəsimi rayonu ərazisində Balakən rayon sakini Elçin Dəmirovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxs Qobustan qəsəbəsinə gedəcəyini bildirib. Qəsəbə ərazisinə çatanda həmin şəxs ona pul verməli olan bir nəfərin başqa bir avtomobildə gözlədiyini deyib, içkili olduğundan özünün düşə bilməyəcəyini, sürücüdən pulu həmin adamdan götürməsini xahiş edib.
E.Dəmirov avtomobildən düşən kimi həmin şəxs nəqliyyat vasitəsini sürərək gedib. Aldadıldığını və avtomobilinin qaçırıldığını görən zərərçəkmiş polisə müraciət edib.
Əməliyyat qrupu məlumatı aidiyyəti üzrə ötürüb və avtomobilin saxlanılması üçün təxirəsalınmaz tədbirlərə başlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Şamaxı rayonu ərazisində saxlanılıb, onu qaçırmaqda şübhəli bilinən şəxslə birgə 11-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.
Araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini, Elnur Baxışov olması müəyyən edilib.
Faktla əlaqədar Qaradağ RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
A.M.