Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda əfqanıstanlı qardaşlar qıza görə bıçaqlanıblar - TƏFƏRRÜAT
Bakıda Əfqanıstan vətəndaşı olan iki qardaşın bıçaqlanmasının təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə ötən il fevralın 5-də paytaxtın Səbail rayonu, Bülbül prospekti 6 ünvanında yerləşən oyun zalında baş verib. Mübahisə isə qıza görə baş verib.
Belə ki, Əfqanıstan vətəndaşları olan Həbibullah Ənsari və qardaşı Əli Sina Ənsari Bakı şəhər sakinləri olan Nəzrin və Sevda adlı tanışları ilə oyun zalına gəliblər. Həmin vaxt Nəzrinin münasibəti pozulmuş Fidan adlı xanım da ora gəlib. Oyun zalında Nəzrin və Fidanın yenidən mübahisəsi başlayıb və Fidan sevgilisi olan Orxan Mehdiyevə zəng vuraraq hadisə yerinə çağırıb. Orxan dostları Ülvi Quliyev və Vahid Kərimovla birlikdə hadisə yerinə gələrək Nəzrinlə kobud danışıblar. Bunu görən Əfqanıstan vətəndaşları olan qardaşlar mübahisəyə müdaxilə ediblər.
Oyun zalında dava düşüb və tərəflər bir-birini vurublar. Nəticədə əfqanıstanlı qardaşlar döyülərək bıçaqlanıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsini hökmü ilə Orxan Mehdiyev 9 il, Ülvi Quliyev və Vahid Kərimov isə hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.