Oktyabrın 21-də Bakının Binəqədi rayonunda növbəti qətl hadisəsi törədilib.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Binəqədi rayon Polis İdarəsindən bildiriblər.
Novxanı qəsəbəsində yerləşən və Ermənistandan gəlmiş qaçqınlar və məcburi köçkünlərin yerləşdirildikləri “Şəfəq” pansionatında 1977-ci il təvəllüdlü Hüseynov Nəsib Qurban oğlu öz həyat yoldaşı, 1986-cı il təvəllüdlü Hüseynova Aygül Mansur qızını bıçaqlayıb.
Qətlin törədildiyi əraziyə nəzarət edən Binəqədi rayon 4-cü polis bölməsindən bildiriblər ki, ilkin dindirmə zamanı Hüseynov polisə hər şeyi danışıb.
Onun sözlərinə görə, ər-arvadın kiçik ərzaq mağazası var imiş. Dünən axşam o, evə gəlib və öyrənib ki, arvadı yenə də alıcılara nisyə mal verib. Ər həyat yoldaşına heç kimə nisyə mal verməməyi tapşırıb. Bununla əlaqədar onların arasında münaqişə başlayıb.
Saxlanılan şəxs iddia edir ki, qadın onun atasını söyüb və ona görə də, bıçağa əl ataraq, arvadına ölümcül olmayan zərbə endirib.
Bildirilir ki, Hüseynov əvvəllər fərariliyə görə saxlanılıb.
Hüseynovların iki azyaşlı uşaqları qalıb. Hazırda polis həmin uşaqları hara yönləndirmək barədə məsələni həll edir.