Bakı Apellyasiya Məhkəməsində Toğrul Zeynalov və Rauf Mehdiyevin CM-nin 206.3.2 (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz hazırlama, əldə etmə, daşıma və ya satma) və 234.4.3 (külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz hazırlama, əldə etmə, daşıma və ya satma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, 2013-cü il oktyabrın 13-də Rauf Mehdiyev İran İslam Respublikası ərazisində istintaqla müəyyən edilməyən şəxsdən əldə etdiyi 28,736 qram heroini Astara keçid məntəqəsindən keçirərək Toğrul Zeynalova verib. Sonuncu ayın 17-də narkotik vasitəni ayaqqabısında gizlədərək Bakıya gətirib və bir neçə gündən sonra müştəri tapıb.
“Gənclik” metrostansiyasının yaxınlığında, F.X Xoyski küçəsi, 36 ünvanda heroini şəhər sakini Adil Zərbəliyevə 1500 manata satarkən T.Zeynalov DİN Baş Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə (BMCMİ) idarəsinin əməkdaşları tərəfindən saxlanılıb, bir gündən sonra onunla əlbir olan Rauf Mehdiyev də tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Zeynalov və R.Mehdiyev hər biri 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslərin müdafiəçiləri apellyasiya şikayətləri verərək cəzalarının azaldılmasını istəyiblər, lakin Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq onların şikayətlərini təmin etməyib. Beləliklə də, birinci instansiya məhkəməsinin hökmü qüvvəsində saxlanılıb.
C.H.
www.oxu.az