Bakıda hoteldə iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Seymur Manafovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Seymur Manafovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Növbəti proses mayın 14-nə təyin olunub.
Qeyd edək ki, hadisə 2026-cı ilin yanvarın 25-də paytaxtda yerləşən məşhur hotellərdən birində baş verib.
Hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyevin camaşırxanada bıçaqlanaraq öldürülməsi ilə bağlı polisə məlumat daxil olub.
Araşdırmalarla hadisənin hotelin digər ofisiantı - 1992-ci il təvəllüdlü Abşeron sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
S.Manafov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Seymur Manafovun barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Elgün Həsənli