Bakıda baş vermiş silahlı insidentin bəzi təfərrüatları məlum olub.
Oxu.Az xəbər verir ki, Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
İki qardaşı güllələyən Zaur Əkbər oğlu Tərlanov saxlanılıb. Hazırda o, polis tərəfindən dindirilir.
Güllələnərək öldürülən 1985-ci il təvəllüdlü Cavid Rəhimov və 1980-ci il təvəllüdlü Cahit Rəhimov qardaşdırlar.
Qeyd edək ki, bu gün axşam saatlarında Sahil qəsəbəsində silahlı insident qeydə alınmışdı. Avtomobildə iki qardaş güllələnmişdi. Onların hər ikisi yerindəcə ölmüşdü.
19:25
Bakıda güllələnən qardaşların adları məlum olub.
Oxu.Az xəbər verir ki, hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, öldürülən qardaşlardan birinin adı Cahid, digərinin adı isə Caviddir. Onlar Sahil qəsəbəsinin sakinləridir.
Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, güllələnən qardaşlar 90 RC 008 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı maşında olublar. Onların olduğu avtomobilə naməlum maşından düşən şəxs atəş açıb. Nəticədə hər iki qardaş yerindəcə ölüb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmaları davam etdirir.
18:43
Bakıda silahlı insident baş verib.
Oxu.Az xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 18.00 radələrində Sahil qəsəbəsində qeydə alınıb.
Naməlum şəxslər avtomobildə iki qardaşı güllələyiblər.
Onların hər ikisi yerindəcə ölüb.
Bildirilir ki, güllələnən qardaşlar “Toyota Land Cruiser” markalı maşında olublar.
Onların olduğu avtomobilə naməlum maşından düşən şəxs atəş açıb.
Polisdən həmçinin bildirilib ki, istintaq sirri olduğu üçün ölən qardaşların adı hələlik açıqlanmır.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb.
Araşdırma aparılır.