Dekabrın 26-da gecə Suraxanı rayonunda gənc insanlar arasında münaqişə faciə ilə başa çatıb.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən cinayət qurbanının 1989-cu il təvəllüdlü Həşimov Nazim Natiq oğlu olduğunu bildiriblər.
Faktla bağlı şübhəli şəxs qismində iki qardaş – 1991-ci il təvəllüdlü Səlimov Rəşad və 1998-ci il təvəllüdlü Səlimov Anar saxlanılıb.
İlkin istintaq zamanı Həşimovun həmin gecə yaşadığı 9 mərtəbəli evin birinci mərtəbəsində yerləşən internet-klubda olduğu müəyyənləşdirilib.
Həmin klubda olan 15 yaşlı Anar Səlimov keçərkən Həşimova toxunub. Buna görə qəzəblənən Həşimov yeniyetməni söyərək, ehtiyatlı olmasını istəyib. Bu zəmində tərəflər arasında münaqişə başlayıb. Söz-söhbət ardınca, münaqişə o qədər böyüyüb ki, Səlimov köməyə böyük qardaşı Rəşadı çağırıb.
Sonradan hadisə Həşimovun evinin qarşısında cərəyan edib.
Güclərinin qeyri-bərabər olduğunu görən Həşimov yaxınlıqdan keçən qonşudan qardaşına zəng etməsini istəyib. O isə hadisə yerinə gələrək, Səlimov qardaşları ilə əlbəyaxa olub. Dava zamanı bıçaq çıxaran Anar Səlimov Nazim Həşimova üç bıçaq zərbəsi vurub.
Həşimov “Azərsutikinti”nin xəstəxanasına gətirilib. Burada onu əməliyyat etsələr də, həyatını xilas etmək mümkün olmayıb.
Cinayət axtarışının əməliyyatçıları şübhəliləri müəyyənləşdirərək, onların evinə gəliblər. Səlimovların anası oğlanlarının evdə olmadığını desə də, həmin vaxt böyük oğul evdə imiş. Kiçik Anar isə qohumlarının evində gizlənibmiş.
Bildirilir ki, səhərə yaxın Anar Səlimov polisə gələrək, təslim olub.
Faktla bağlı araşdırma davam edir.