Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Elnur Tahirovun (1982-ci il təv) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il avqustun 9-na keçən gecə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən şəhər sakini Elnur Tahirov, Beyləqan rayon sakinləri Rəşad Əliyev (1988-ci il təv.) və Siyavuş Orucov (1992-ci il təv.) kəsilmiş-deşilmiş xəsarətlərlə Kliniki Tibbi mərkəzə gətiriliblər.
Həkimlərin müdaxiləsinə baxmayaraq R.Əliyev aldığı xəsarətdən orada dünyasını dəyişib, E.Tahirov və S.Orucovun həyatı isə xilas edilib. Araşdırmaya başlayan Binəqədi RPİ 4-cü polis bölməsinin və rayon prokurorluğunun əməkdaşları müəyyən ediblər ki, cinayəti Elnur Tahirov törədib, o sağalandan sonra istintaq təcridxanasına köçürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.
İstintaqla müəyyən edilib ki, ayın 8-də axşam hər üç şəxs Elnurun yaşadığı evin yanında domino oynayıblar, sərxoş vəziyyətdə olan Rəşad və Siyavuş Elnura spirtli içki içməyi təklif etdikdə, sonuncu bundan imtina edib. Buna görə aralarında mübahisə yaranıb, bir-birlərini təhqir ediblər. Tahirov axşam olduğuna görə tanışlarına ucadan danışmamağı deyib və xahiş edib ki, onlar çıxıb, getsinlər. Narazı qalan Əliyev və Orucov gediblər, lakin yarım saatdan sonra geri qayıdaraq, Tahirovla haqq-hesabı “çürütmək” qərarına gəliblər.
Qapını açan Elnurun anası gecəyarı gələn şəxslərdən çıxıb getməklərini tələb edib, amma aqressiv vəziyyətdə olan Əliyev və Orucov onu itələyərək, təhqir ediblər. Bunu görən Elnur mətbəxdən bıçağı götürərək Rəşada yaxınlaşıb və döş qəfəsinə bir zərbə endirib, ardınca növbəti zərbəni Siyavuşun sol böyrünə vurub. Baş verənlərdən həyəcanlanan Elnur daha bir zərbə qarın nayihəsinə endirərək, özünə qəsd etmək istəyib. Anası dərhal təcili tibbi yardıma zəng edərək, hadisə barədə məlumat verib.
Qeyd edək ki, təqsirləndirilən şəxs yaşadığı qəsəbədə bərbər işləyib, Əliyevlə Orucov isə Beyləqan rayonundan Bakıya gəlməklə, tikintidə işləyiblər və həmin qəsəbədə kirayədə yaşayıblar.
Məhkəmə prosesində Elnur Tahirov ittiham üzrə özünü qismən təqsirli hesab etməklə, Rəşadla Siyavuşu özünü və anasını müdafiə etmək məqsədi ilə vurduğunu qeyd edib. Onun sözlərinə görə, həmin axşam artıq onun yanına gələrkən hər ikisi içkili olub, domino oyunu zamanı isə onlar təkidlə onlara qoşularaq, yenə içməyi təklif ediblər. Buna baxmayaraq Elnur imtina edib və bundan sonra mübahisələri başlayıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, əgər Əliyev və Orucov geri qayıtmasaydılar bu hadisə baş verməzdi, çünki onun həmin şəxslərlə buna qədər düşmənçiliyi və ədavəti olmayıb.
Məhkəmənin hökmü ilə E.Tahirov 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az