Bakı Ağır Cinayətlər Məhkəməsində Mingəçevir ş. sakini Yasin Hüseynovun (1994-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Oxu.Az xəbər verir ki, ötən il sentyabrın 25-də axşam saat 19 radələrində Araz küçəsi, 1 ünvanında yerləşən “Toxuculuq” kombinatının qarşısında, metronun “Ulduz” stansiyasının yaxınlığında Yasin Hüseynov aralarında yaranmış mübahisə zamanı tanışı Rahib Əkbərovun
(1991-ci il təv.) bud nahiyəsinə bıçaqla xəsarət yetirib, sonra isə hadisə yerindən qaçıb. Yaralanan şəxs Kliniki Tibbi Mərkəzə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Araşdırmaya başlayan Nərimanov RPİ 17-ci polis bölməsinin əməkdaşları elə həmin gecə şübhəli şəxsi saxlayıb. İş üzrə təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, R.Əkbərovun ölümünə almış olduğu xəsarətdən irəli gələn kəskin qanitirmə səbəb olub.
Saxlanılan Yasin Hüseynov istintaqa verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. Rahib Əkbərovu çoxdan tanıdığını deyən Yasin onunla bir evdə kirayədə qaldığını və fəhləliklə çörəkpulu qazandıqlarını bildirib. Sonradan isə Yasin Rahiblə qalmaqdan imtina edib və başqa yerə köçüb.
Ayın 25-də onlar “Ulduz” metrostansiyasının yaxınlığında görüşüblər, Rahib dostundan niyə onunla bir yerdə qalmamasının səbəbini soruşduqda Yasin Rahibə, onun arxasınca söyüş söydüyünü deyib. Bu zəmində aralarında mübahisə başlayıb, Rahib Yasinin ünvanına “satqın” dediyinə görə Hüseynov cibindən bıçağı çıxararaq Əkbərovun ayağından bir zərbə vurub. Tutulan şəxs tanışını öldürmək istəmədiyini qeyd edib, zərbəni mərhuma qorxutmaq məqsədi ilə atdığını vurğulayıb.
Məhkəmə prosesində məhkəmənin tərkibi elan olunub və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxışı martın 3-nə təyin edilib.
C.H.
www.oxu.az